Səslərəm

İntizarda qalmışam, mən yarımı səslərəm,
Həsrətini çəkdiyim dildarımı səslərəm.

Qarabağım haçandan yağının tapdağında,
Mənə zəfər gətirən baharımı səslərəm.

Gözləməyin yeri yox, Ağdam, Şuşa dardadı,
Ayağa qalxmalıdır, diyarımı səslərəm.

Bir cüt balam uzaqda, yamanca kövrəlmişəm,
İndi mən Rizvanımı, Vüqarımı səslərəm.

Düşmən arxalı oldu, köməksiz qaldıq yaman,
Mən Vətənin adından dostlarımı səslərəm.

Dağlar vüqar rəmzidi, dağlar əyilməz olur,
Qeyrətli oğulları, Qoşqarımı səslərəm.

Əli Vəkil Vətənin sədaqətli əsgəri,
Qamətli palıdımı, çinarımı səslərəm.