Şah İsmayıl qonaq olub Göyçədə,
Seyr eləyib, fikrə dalıb Göyçədə.
Oğuz yurdu, Dədə Qorqud yurdudur,
Yaylaqlardan ilham alıb Göyçədə.
Allah, nələr görüb gözə torpağın,
Çoxdur ürəyində sözü torpağın.
Qanla suvarılıb gör neçə dəfə
Dağları torpağın, düzü torpağın.
Kaş Kəpəzin zirvəsinə çıxaydım,
O zirvədən Göy gölümə baxaydım.
Azad edib doğma Qarabağı mən,
Düşmənləri yandıraydım, yaxaydım.
Gör neçə yol bu yollardan keçmişəm,
Bulaqlardan doyunca su içmişəm.
Ən ətirli çiçəkləri bu yerdə
Dönə-dönə iyləmişəm, seçmişəm.
İllə boyu qəmli axır Arazım,
Qəlbimizi oda yaxır Arazım.
Günahı nə, adı sərhəd çayıdır,
Qəzəblənir, bizə baxır Arazım.
Torpağı qılınctək bölən Arazım,
Görmədim üzünü gülən, Arazım.
Nə zaman sahillər qovuşacaqdır,
Olasan niskili silən, Arazım.
Mən bu tayda, Savalanım o tayda,
Vallah qalıb yarı canım o tayda.
Təbriz-Bakı ayrı düşüb haçandan,
Vallah qalıb din-imanım o tayda.
Ürəyimdə ha çağlayır Dəli Kür,
Bir az qəmli, bir az da nəşəli Kür.
Torpağımın şah dammarı sayılır,
Şöhrətindir, vüqarındır, Əli, Kür.
Nə məğrurdur, Qoşqara bax, Qoşqara,
Qələm götür, bir nəğmə də qoş, qara.
Yamacında çiçəkləri, gülləri,
Düşmənlərə atacağım daş-qara.
Dönə-dönə seyr elədim Göy gölü,
Canım kimi sevələdim Göy gölü.
Gözəlliyin rəmzi olub əzəldən,
Qoyun bir də tərif edim Göy gölü.
Göy gölə gör neçə nəğmə yazılıb,
Sahilində illər boyu yaz olub.
Qonaq gəlir sahilinə adamlar,
Haray salan kaman olub, saz olub.
Necə bilək bu dağların yaşını?
İllər boy uduman örtüb başını.
Yaz gələndə yaşıl dona bürünüb,
Bulaqlarla axıdıb göz yaşını.
Doyunca dolaşdım, gəzdim meşədə,
Təzə-tər gülləri üzdüm meşədə.
Cənnətə bənzəyir hər bir guşəsi,
Kim deyir yoruldum, bezdim meşədə?
Yaz gələndə yamacları bəzəyib,
Çöl-çəməni, həm dağları bəzəyib.
Təbiətin gül nəfəsi çiçəklər –
İllər boyu bu diyarı bəzəyib.
Neçə dəfə qədəm basdım bu yola,
Aşdım o təpəni, çıxdım buy ala.
Qarabağı niyə verdik düşmənə?
Aman Allah, niyə düşdük bu hala?
Hər bulaq sirrini bəyan edibdir,
Yoldan ötənləri mehman edibdir.
Gör neçə yolçunun yetib dadına,
Yayda ürəkləri sərinlədibdir.
Çətin sınaqlar var öndə, a xalqım,
Susub, dayanmışıq gendə, a xalqım.
Alınmayıb Xocalının qisası,
Vallah, günahkaram mən də, a qardaş.
At oynadır Füzulidə yad, çoxdan,
Söndürülüb gur ocaqlar, od, çoxdan,
Nalə çəkir indi ulu Füzuli
Nə diləyir, Allah, görən o, haqdan?
Yaddaşımda bir ad da var – Əsgəran,
Ürəyimdə daim yaşar Əsgəran.
Əsir düşüb, gecə-gündüz ah çəkir,
Mənaya bax, cinasa bax: əsgər, an.
Anaların qarğış səsi yaddaşda,
Bacıların ah-naləsi yaddaşda.
Faciənin meyarı yox cahanda,
Ay Allah, acizdir, vallah, yaddaş da.
Dinlə məni, dinlə bir də, Laçınım,
Niyə düşdün belə dərdə, Laçınım?
Gözü yolda dərdə sirdaş olsan da,
Bu el səni qoymaz darda, Laçınım.
Döyünən ürəyim – Şuşam dardadır,
Saf arzum, diləyim – Şuşam dardadır.
Azərbaycan bir üzükdür, qaşı sən,
Ay ellər, üzük var, qaşı hardadır?
Neçə ildir əsir düşüb Ağdamım,
Qeyrətsizlik, bizdən küsüb Ağdamım.
İndi onun ağ günləri xəyaldı,
Qəzəblidir, yaman susub Ağdamım.
Zəngilanın yolu bağlı qalıbdır,
Dərdi çox, sinəsi dağlı qalıbdır.
Ayaqları qandallıdır haçandan?
Yad əlində qolu bağlı qalıbdır.
İşğal olan cənnət diyar Qubadlı,
Ürəyində niskilin var, Qubadlı.
Səni xilas eyləyəcək ərənlər,
Cəsurların hər biri quş qanadlı.
Cəbrayıla necə gedim, ay Allah?
Gündüz gedim, gecə gedim, ay Allah?
Qoy zamanın topu birdən gurlasın,
Mən hamıdan öndə gedim, ay Allah.
Xocavəndə ayaq basam bir də kaş,
Qəlbimdə min həsrət, gözlərimdə yaş.
Baş tutacaq bu dünyada görüşüm,
Qismət olsa, vəfa qılsa ömür, yaş.
İnsan doğulanda niyə ağladı?
Bəlkə öələcəkdir deyə ağladı?
Gördü ki, kainat sirlər məskəni,
Baxdı yerə, baxdı göyə ağladı.
Ov, ilk vuranın yox, götürənindir,
Muştuluq xəbəri gətirənindir.
Bol bara-bəhrəyə verilən qiymət
Məhsulu becərib yetirənindir.
Haralısan? – deyənlərə bir gərək
Torpaq övladıyam – fikir bildirək.
Torpaq anamızdır, bəsləyir bizi,
Sonda da torpağa dönür hər ürək.
Hamı bilir kainatın gücü nə?
El bələddir təbiətin gücünə.
Həyatda baş verir min bir fəlakət,
Hey uduzar kim almasa vecinə.
Göylərin qəribə xasiyyəti var,
Yəqin ki, arzusu, xoş niyyəti var.
Səmanın torpağa məhəbbətidir
Yazda leysan yağış, qışda yağan qar.
Gur bulaqlar həzin-həzin çağlayır,
Yağış yağır, yəqin göylər ağlayır.
Günəşin torpağa səpdiyi işıq
Göylə yeri bir-birinə bağlayır.
İşıqlı dünyaya lüt gəldi insan,
Gah tökdü göz yaşı, gah güldü insan.
Nə vaxt ki, amalı həqiqət oldu,
Bağlandı dünyaya, sevildi insan.
Ürəyimdə çağlayaydı gur bulaq,
Dərdim üçün ağlayaydı gur bulaq.
Vətən, deyə yazdım hər bir nəğməni,
Yaddaşında saxlayaydı gur bulaq.
Dərdlərin dərmanı var o dağlarda,
Duman o dağlarda, qar o dağlarda.
Gör haçandan itirmişik onları,
İndi cövlan edir sar o dağlarda.
Bulaqların zümzüməsi nə həzin,
Cəh-cəh vuran quşun səsi nə həzin.
Yarpaqların pıçıltısı təranə,
Yazın səsi, qışın səsi nə həzin.
Daldım xəyallara çay sahilində,
Vuruldum bahara çay sahilində.
Çaylar tək çağladı fikirlərim də
Baxdım yaylaqlara çay sahilində.
Babadağda ocağım var, pirim var,
«Yanardağ»ı yandırmayır alovlar.
Atəşgahı ziyarətə gəlirlər
Bu dünyanın insanları qış, bahar.
Şimşək qılınc kimi kəsdi buludu,
Sıx buludlar ildırımın quludu.
Elə ki, qəfildən gurlayır göylər,
Demək, ağlayacaq, qəlbi doludu.
Birdən-birə hardan yağdı bu leysan?
Süzülürdü buludlardan bu leysan.
Yaz yağışı yudu göyü, yerləri,
Hədiyyədir ilk baharda bu leysan.
Dan yeriylə bir açdım mən gözümü,
Töhfə bildim bu səhərə sözümü.
Arzum budur yalnız Ulu Tanrıdan,
Ağ eləsin el yanında üzümü.
Torpağın ətrini duyum yenə də,
Şehlə ayağımı yuyum yenə də.
Düşmənə nifrətim sonsuzdur, bilin,
Bu sirri dünyaya yayım yenə də.
Bir az sərinləsin canım zirvədə,
Soyusun, durulsun qanım zirvədə.
Zirvələr fəth etmək çoxdankı arzum,
Donsam da, qartaltək donum zirvədə.
Ən uca zirvəyə çıxa biləydim,
Yaxına, uzağa baxa biləydim.
Çevrilib şimşəyə, ildırıma mən,
Düşmənin başında çaxa biləydim.
Necə gözəl cəh-cəh vurur bu quşlar,
Nə danışır, nə oxuyur bu quşlar?
Elə bil ki, təbiətin dilini
Başa düşür, dərhal duyur bu quşlar.
Kəlbəcərim yaman darda qalıbdır,
Qədim Şuşam, Allah, harda qalıbdır?
Torpağımı itirəndən, ay ellər,
Sevən qəlbim intizarda qalıbdır.
Qubadlının harayına yetmədim,
Bəs vədimə niyə əməl etmədim?
Axı qorxaq doğulmadıq anadan,
Onda niyə mən ölümə getmədim?
Xəyal olub Ağdamın ağ günləri,
İnsanların damağı çağ günləri.
Ərənlərim onu xilas edəcək,
Xoş keçəcək, qayıdacaq günləri.
Laçının da bir gün üzü güləcək,
Onda şairin də sözü güləcək.
Didərginlər qayıdacaq evinə,
Bütün qaçqınların gözü güləcək!
Güllər sənin olsun, yaz mənim olsun,
Kaman sənin olsun, saz mənim olsun.
Ürəyimdə deyiləsi sözüm çox,
Cüt əlli qoy sənin, yüz mənim olsun.
Asimanın ulduzu var, Ayı var,
Kim deyir ki, ulduzların sayı var?
Nə sirlidir, sehirlidir kainat,
İlin soyuq qışı, isti yayı var.
Necə bilək kainatın sirri nə?
Cəmiyyətin, bu həyatın sirri nə?
Gün uzanır, gün qısalır il boyu,
Heyranıq dünyanın möcüzəsinə.
Gül-çiçək ətrinə qərq olub çəmən,
Seyr eləyib heyran qaldım yenə mən.
Onlara ad verib ulu babalar,
İylədim üzmədən fikrə daldım mən.
Lalə, nərgiz, süsən, qaymaqçiçəyi,
Mümkünmü bu yerdə saymaq çiçəyi?
Bitibdir dağların yamaclarında,
Bəsləyib gen dərə, oymaq çiçəyi.
Bu çeşmənin zümzüməsi möcüzə,
Gur çayların, quşun səsi möcüzə,
Təbiət də nəğməkardı əzəldən,
Doğma yurdun hər guşəsi möcüzə.
Tanrım, görən çayda sular nə deyir?
Bəlkə bizə sözləri var? Nə deyir?
Axıb gedir, son mənzili dənizdir,
Nəğməkardı, o nəğməkar, nə deyir?
Çiçək var ki, al-qırmızı, ətri xoş,
Dəstə tutub iylə onu, ol sərxoş.
Gəzib dolan yaylaqları doyunca,
Qələm alıb bu çöllərə nəğmə qoş.
Dəhşət olur göylər guruldayanda,
İnsan ona neylər guruldayanda?
Göy qurşağı niyə yeddi rəngdədi?
Yəqin sirlər söylər guruldayanda.
Buludların göz yaşıdır bu leysan,
Göydən gələn dupdurudu su, leysan.
Təbiətin qarşısında acizəm,
Deyəmmirəm qara qəlbi yu, leysan.
Dolu da, yağış da qar da göylərdə,
Şimşəklər də, buludlar da göylərdə.
Səma dərin, asimanın sonu yox,
Əngin səmadadı Günəş də, Yer də.
Dolaşdım meşədə, gəzdim meşədə,
Ətirli gül-çiçək üzdüm meşədə.
Səs-səsə verəndə baharda quşlar,
Deməzsən yoruldum, bezdim meşədə.
Hər ağacın öz adı, öz ünvanı,
Kölgəsində qonaq edir insanı.
Bu torpağın bəzəyidir meşələr,
Dolaşıb gəzənin qaynayır qanı.
İlahi, düşəydi meşədən yolum,
Olmayaydı nə duman, nə çən yolum.
Yarpaq xışıltısı, meşə nəğməsi,
Susaraq dinləyən kaş ki mən olum.
Kim istər saralsın, solsun yarpaqlar,
Solanda döşəyim olsun yarpaqlar.
Meşənin bir gecə qonağı olum,
Onda da laylamı çalsın yarpaqlar.
3 avqust 2002
Rusiya, İvanovo