Şair

Ürəkdən vəsf elə nəğmələrində,
Baharda açılan gülləri, şair.
Dəyərli söz dəryalardan dərində –
Havayı keçirmə illəri, şair.

Mənasız nəğmənin qiyməti hanı?
Qəlbi boş olanın hörməti hanı?
Dolaşsın dillərdə söz bu cahanı –
Çıxarma sən yaddan elləri, şair.

Hikmətli kəlamlar yadigar qalır,
Hər könül sevdiyi havanı çalır,
İlahi bir gözəl qəlbə od salır,
Tərif et yenə də telləri, şair.

Sözlərini elə söylə, elə de,
El qəlbində dilə gələn telə de,
Gəz bağları, bülbülə de, gülə de,
Dolaşma Məcnuntək çölləri, şair.

Əli Vəkil, söz axtardı, söz sənə,
Nə dedilər, düz dedilər, düz, sənə,
İnciləri sapa dəqiq düzsənə,
Qoy nəğmən bəzəsin dilləri, şair.

10 iyun 2002