Salam verdim, gülüm yenə Günəşə,
Nə yaxşı birlikdə açdıq səhəri.
Qəlbimdə məhəbbət sənə, Günəşə,
Sizə həsr edirəm bu sətirləri.
Səhərlə başlayır gün də ömrünə,
Yarısı gecədir, yarısı gündüz,
Günəş mənim töhfəm sənin ömrünə,
Zərrin şəfəqlərin ümmanında üz.
Gülüm, uyumuşdun ürəyimdə sən,
Dünyanın xoşbəxti mən idim inan.
Ən şirin arzum da, diləyim də sən,
Qüssədən, hicrandan gen idim inan.
Səadət deyildir nə var, nə dövlət,
Ürək öz hökmünü verir, neyləmək?
Tanrı hədiyyəsi – təmiz məhəbbət,
Hərə bir cür ömür sürür, neyləmək?
Birinə saraylar, birinə daş-qaş,
Mənim də payıma söz düşüb, bilin,
Qəlbimdə xoş hisslər, qəlbimdə təlaş,
Qaçqın övladıyam mahalın, elin.
Yuxumda Göyçənin gəzdim bu gecə,
Mahalın bəzəyi söz məclisləri.
Necə sevinirdim, sevgilim, necə?
Çəkdi sübhə qədər saz məclisləri.
Necə xoşbəxt idim orda, ay Allah,
Bir gün yuxularım çin olacaqdır.
Dardadır mahalım, darda, ay Allah,
Həsrət yaralarım sağalacaqdır!
16 yanvar 2003