Sarıdı

Gəl cəfanı sən az eylə, a zalım,
Nazın çoxdur mən qadanı, az, alım.
Bu dünyadan niyə kamı az alım?
Sevir yarım, meyli mənə sarıdı.

Bağçamızdan dərməlisən barı, sən,
Əhdimizi gəl unutma barı sən,
Aramızda hördürmüsən barı, sən,
Demə mənə rəngin niyə sarıdı?

Yarım məni düşünə hey, ana hey,
Sevgi baxmır zamana hey, ana hey,
Dönük çıxsam, bağışlama, ana, hey,
Xoşbəxt oldum, mənim işim sarıdı.

Kaş köksümü yar əliylə yaralar,
Əcəl yetsə, məni ondan yar alar,
Həsrətdəndir sinəmdəki yaralar,
Rəhmə gəlib yenə yarım sarıdı.

Əli Vəkil, qonşu quyu qazandı,
Dunya özü, vallah, dərin qazandı,
Əzəl gündən mərdlər hörmət qazandı,
Şahin mərdin, sar namərdin sarıdı.

7 may 1991