Saxlasın qoy yenə başlı başını

Saxlasın qoy yenə başlı başını,
Atacaq kim isə sapand daşını.
Başını qorumaq hər kəsin borcu,
Qorumasan tökərsən göz yaşını.

Ha qonşu qonşuya baxar həyatda,
Canını odlara yaxar həyatda.
Əgər qonşu yaxşı qonşu olarsa,
Suları bir arxla axar həyatda.

Elə bil baxırdı dəvə nalbəndə,
Dəvə nallanmayır axı heç vədə.
Durnağı yoxsa da, ayağı möhkəm,
Adətdir karvanla gərək yol gedə.

Bayquş xarabalıq sevər həmişə,
Vallah ulamağı eyləyib peşə.
Abadlığı niyə sevmir görəsən?
Alışıbdır bu adətə, vərdişə.

Bilərsən qədrini sən qışda yazın,
Ömrü üç ay olur qarın, ayazın.
Gül-çiçək gətirər bahar özüylə,
Ətrindən doymazsan yamacın, düzün.

Utanmasan oynamağa nə var ki?
Oyna-sındır sola, sağa, nə var ki?
Hər insanın öz zavası yaxşıdı,
Oyna tacı, oyna qağa, nə var ki?

Gör nə yaman qorxur göz gördüyündən,
Hər kəs söhbət açsın öz gördüyündən.
Yalandan danışmaq nəyə gərəkdir?
Söhbət aç ürəkdən, yaz gördüyündən.

Deyiblər söz sözə gətirər axı,
Danışan cümləni bitirər axı7
Sözlər var qılıncdan itidir, iti,
Eşidən köksünü ötürər axı.

Söz var ki, adamı dağa qaldırar,
Adamı zirvədən endirən söz var.
Söz sözə dayaqdır, atalar demiş,
Ürəyi ağladan, dindirən söz var.

Əldən buraxmayır kor tutduğunu,
Görəsən nə sayır kor tutduğunu.
Nə keçir qəlbindən, nədir istəyin?
Görən soruşurmu özündən bunu?

Fayda verən deyil son peşmançılıq,
Çalış peşman olub, etmə sən qılıq.
Bilirsən ki, olmayacaq faydası,
İstəyirsən olsun on peşmançılıq.

Aslanın erkəyi, dişisi olmaz,
Aslan da aslandı heç vaxt basılmaz.
Azəri qadını kişi qeyrətli,
Heç vaxt ərlərindən geridə qalmaz.

At mıxı yerindən çıxarsa əgər,
Biri yerə, beşi özünə dəyər.
Ağıllı at otlar, hörükdə qaçmaz,
Örüşdə doyunca otunu yeyər.

Həyatda xoruzlar olmasa məgər,
Dan yeri sökülməz, açılmaz səhər?
Səhərdir xoruzu banladan axı?
Sabahın eşqinə banlar sərasər.

Tərifli igidin atası inan,
Ah çəkib ağlamaz vallah heç zaman.
Tərifli igidi doğan bir ana,
Heç kəsə əl açıb, istəsəz aman.

14 sentyabr 2002