Dünyanı dərk edib duyandan bəri
Mən sözə vuruldum, nəğməni seçdim.
Sənəti varlığım sayandan bəri
Mən sözə vuruldum, nəğməni seçdim.
Nə büllur sarayım, nə varım oldu,
Eşqə sədaqətli bir yarım oldu,
Sadiq, etibarlı dostlarım oldu,
Mən sözə vuruldum, nəğməni seçdim.
Bu, Odlar diyarı, bu, cənnət məkan,
Yadımdan çıxmayır, çıxmayır bir an,
Ən çətin anlarda tutur qolumdan,
Mən sözə vuruldum, nəğməni seçdim.
Daş-qaşım, sərvətim ürəyimdədir,
Sarayım, dövlətim ürəyimdədir,
Qiymətli ziynətim ürəyimdədir,
Mən sözə vuruldum, nəğməni seçdim.
Kasıbdır, deməyin mənə heç zaman,
Nəyə dəyər nəğmələrsiz bu cahan,
Bilin, mənən dövlətliyəm hamıdan,
Mən sözə vuruldum, nəğməni seçdim.
2 fevral 2001