Sevgililər günündə

Gör nə boldur gül-çiçək
Sevgililər günündə.
Susarmı sevən ürək
Sevgililər günündə.

Güllər əlləri bəzər,
Bir söz dilləri bəzər,
Sevən həsrətə dözər
Sevgililər günündə.

Könüllərdə xoş hisslər,
Aşiq yarını səslər,
Eşqi ürəkdə bəslər
Sevgililər günündə.

Dəbdə olar toy, nişan,
Çoxalar əhdi-peyman,
Qızlar kövrələr yaman
Sevgililər günündə.

Əllərdə hədiyyələr,
Evə elçilər gələr,
Hamı şadlanar, gülər
Sevgililər günündə.

14 fevral 2002