Sevgilim

Lalənin rəngi var yanaqlarında,
Ətri səndən alıb gül, ay sevgilim!
Təbəssüm yer tapsın dodaqlarında,
Nə olar qəmlənmə, gül, ay sevgilim!

İsmətli, abırlı, həyalı sənsən,
Ülvi gözəlliyin timsalı sənsən,
Aşiqin arzusu, xəyalı sənsən,
Sən bu həqiqəti bil, ay sevgilim!

Söhbətin mənalı, sözün şirindi,
Məhəbbətin dəryası çox dərindi,
Gülləri bağsçamdan özün dər indi,
Yan ötmə, insafa gəl, ay sevgilim!

Gülüm, uzaqlarda gəzmə, amandı,
Ala gözlərini süzmə, amandı,
Ayrılıq hökmünü yazma, amandı,
Həsrəti qəlbimdən sil, ay sevgilim!

Əli Vəkil sərrafıdı sözlərin,
Ürəyində yadigardı gözlərin,
Maralısan, ceyranısan düzlərin,
Dərdini mənimlə böl, ay sevgilim!

12 may 2002