Sevgilimə deyin ki…

Sevgilimə deyin ki,
Gözləsin, çəkməsin qəm.
Azərbaycan oğluyam,
Yurdun keşiyindəyəm.

Sevgilimə deyin ki,
Öndə hələ döyüş var.
Yollara çox baxmasın,
Sərhəddədir oğullar.

Sevgilimə deyin ki,
Qoruyuram Vətəni.
Bu yolda şəhid olmaq
Əsla qorxutmur məni.

Şuşam düşmən əlində,
Evə necə dönüm mən?
Ölsəm açılan güllə
Dəyəcəkdir sinəmdən.

Kəlbəcərim əsirdi,
Laçın məni gözləyir.
Ağdərə, Ağdam bu gün
Köməyimə gəl, deyir.

Sevgilimə deyin ki,
Qələbəni gözləsin.
İlqara sadiq qalıb
Eşqimi əzizləsin.

Onun məhəbbətiylə
Köksümdə vurur ürək.
Azadlığın yolunda
Zəfərlər çalım gərək.

Sevgilimə deyin ki,
Odlar oğlu – soyumuz.
Böyük Qələbə günü
Çalınacaq toyumuz!

7 iyun 2019