Sevginin qulu

Bu gözəl nə kövrək, qəlbi nə incə,
İncitsən ağlayar dolmuş bulud tək.
Yaş tökəcək ürəyinə dəyincə,
Çalışıb könlünü alasan gərək.

Dolubdur gözləri leysandı, nədi?
Qəm üstə köklənib ürək telləri.
Kədəri qəlbində ümmandı, nədi?
Baxışı sızladar şən könülləri.

Qovrulur odunda saf məhəbbətin,
Yox, əli çatmayır, ünü yetməyir.
Quludur sevginin, sonsuz həsrətin,
Dərindən ah çəkib niyə inləyir?

Bu gözəl nə kövrək, qəlbi nə incə,
İncitsən ağlayar dolmuş bulud tək.
Yaş tökəcək ürəyinə dəyincə,
Çalışıb könlünü alasan gərək!

23 oktyabr 2001-ci il