Sevinc və kədər

Arzularla yaşayan
Birisinin evində
Çıraq yandı sevindim.
Yenicə həyat quran
Bir qız ilə bir oğlan
Özlərini həyatda
Xoşbəxt sandı sevindim.
Bir övlad həsrətilə
Hər zaman alovlanan
İki ürək özündən
Dərdi sildi sevindim.
İllər boyu işığa
Həsrət qalan bir korun
Gözlərində əbədi
Dan söküldü sevindim.
Yaşamaq ümidini
İtirən bir insana
Həyat güldü sevindim.
Zalqı üçün yaşayıb,
Xalqı üçün yaradan
Dahiyə qəsd etdilər
Aşıb-daşdı kədərim.
Dərdlilərin dərdinə
Bəs necə sinə gərim?
Bax beləcə günlərim
Kədər ilə sevincə
Sirdaş olub ötüşür.
Qalın bir kitab kimi
Həyat vərəqləndikcə
Saçlarıma dən düşür!