(Tofiq Bayram, ruhun şad olsun!)
Tanımırdı bir-birini qız, oğlan,
Hərəsinin öz evi, öz ünvanı.
Yar gəzirdi öz əhdinə düz oğlan,
Kim göstərsin ona layiq olanı?
Nə gözəl kəlamdı: «Axtaran tapar»,
Sevənlə sevilən durdu üz-üzə.
Bir alın yazısı, bir də qismət var,
Sevda yolçuları gəlməsin gözə.
Bir evlə bir nəfər azalacaqdır,
Oğlan evi təzə sakin gözləyir.
Onların könlündə yaz olacaqdır,
İki aşiq bir-birinə can, deyir.
Abrı, isməti var təzə gəlinin,
Onu gözləyirlər oğlan evində.
Halal qisməti var təzə gəlinin,
Ömrün baharı da, qışı da öndə.
Bir evdə toy-düyün, şənlikdi bu gün,
El qızı namuslu, el qızı mələk.
Fəxr elə, ay ana, qoy gülsün üzün,
Balan bəzənibdir tovuz quşu tək.
Həsrətdən, fərəhdən ağlayı ana,
Çalınan «Vağzalı» könül oxşayır.
Bəyin anası da baxıb oğluna,
Özünü xoşbəxtin xoşbəxti sayır.
Bu gün uçacaqdır ata evindən,
Ananın bircəsi, elin sonası.
Hamı təbrik edir, hamı gülər, şən,
Yamanca kövrəlib qızın anası.
Bir ana bir gəncə yar bəsləyibdlir,
Biriynən ulduzu barışar, deyib.
Övlada sevgisi var, bəsləyibdir,
Həyatda qoy olsun bəxtiyar, deyib.
Bir evə bəzəkli xonçalar gəlir,
Yüklənir maşina qızın cehizi.
Oğlana vəfalı, sadiq yar gəlir,
Sevincdən yaşarır ananın gözü.
Gəlinin belini bəyin qardaşı
Bağlayıb oğul, qız diləyir ona.
Əbədi atılır subaylıq daşı,
Ürəkdən sevinir iki qaynana.
Bir evə bir evdən gəlin köçür qız,
Xoş gəlib, buyursun, başda yeri var.
Yaxşını yamandan dərhal seçir qız,
Yəqin ki, ayağı sayalı olar.
İki evin arasında, ay ellər,
Körpü saldı qızla oğlan sevgisi.
Təriflənsin qoy hər yanda, ay ellər,
Bu gənclərin örnək olan sevgisi!
15 iyun 2002