Sevirəm

Fəsillərin içində mən baharı sevirəm.
Öz əhdimə sadiqəm, nazlı yarı sevirəm.

Sevən, sevilən çoxdu bu ulu dünyamızda.
Aşiqlərdə düz əhdi, düz ilqarı sevirəm.

Söyləyin nəyə lazım təzə sevdaya düşmək?
Sədaqəti, vəfanı, etibarı sevirəm.

Sevgilimin əksini görəm büllur gözündə,
Saf suyu diş göynədən bulaqları sevirəm.

Dolaşaydım qoynunda sevgilimlə qol-qola.
Sinəsi gül-çiçəkli yaylaqları sevirəm.

Aşiqlər yamacında dəstə tutsun nərgizdən,
Vurğunuyam əzəldən, mən dağları sevirəm.

Əli Vəkil dağ oğlu, sözü Göyçə ünvanlı,
Məclislərin bəzəyi sazı, tarı sevirəm.

2 avqust 2002
Rusiya, İvanovo şəhəri