Əsgər anasının xeyir-duası

Vətən göz dikibdir mərd oğullara,
O, sizi səsləyir düşəndə dara,
Yurdum baş əyməsin gərək yadlara,
Qoru bu torpağı, qoru, Zəfərim.
Cənnət Qarabağı, qoru, Zəfərim.

Düşmən diz çökəndə, əsir düşəndə,
Ürəkdən sevinim, şadlanım mən də,
Yağılar köksünü ötürsün gendə,
Qoru bu torpağı, qoru, Zəfərim.
Cənnət Qarabağı, qoru, Zəfərim.

Mən verdim bu adı, mən verdim sənə,
Məğrursan vüqarın sığmır köksünə,
İnamla ürəyim döyünür yenə,
Qoru bu torpağı, qoru, Zəfərim.
Cənnət Qarabağı, qoru, Zəfərim.

Qulluq eyləmisən ləyaqət ilə,
Bu yurda, Vətənə sədaqət ilə,
Çatdır şöhrətini obaya, elə,
Qoru bu torpağı, qoru, Zəfərim.
Cənnət Qarabağı, qoru, Zəfərim.

Daim səninləyəm mən də keşikdə,
Yağışlı günlərdə, çəndə, keşikdə,
Mərd dayan, ay oğul öndə, keşikdə,
Qoru bu torpağı, qoru, Zəfərim.
Cənnət Qarabağı, qoru, Zəfərim.

Oğlum, çox razıdır komandirlərin,
Sənə sevgiləri dərindən, dərin,
Vətəndir arxanda, yox dərdi-sərin,
Qoru bu torpağı, qoru, Zəfərim.
Cənnət Qarabağı, qoru, Zəfərim.

Uğurla başa vur xidmətini sən,
Ürəkdən sevirsən millətini sən,
Əzizlə Vətənin sərvətini sən,
Qoru bu torpağı, qoru, Zəfərim.
Cənnət Qarabağı, qoru, Zəfərim.

8 iyun 2010