Əsgər andı

Vətən, sənin dar günündə,
Ağır sınaqlar günündə,
Ruhum deyib, canım deyib,
Adım deyib, sanım deyib,
Səcdə qılıb, diz çökərək,
Müqəddəs bilib öpərək,
Bayrağına and içirəm!
Babaların uyuduğu
Torpağına and içirəm!

Səslə bu gün hər oğlunu,
Azərbaycan, doğma yurdum!
Sənin əsgər övladınam,
Salam, mətin Milli Ordum!

Qəbul eylə öz sırana,
Qorxu bilməz əsgərəm mən.
Qənim ollam düşmənlərə,
Öz andımdan dönmərəm mən.

Yer üzünün insanları,
Dinləsinlər qoy andımı!
Saxlasınlar yadlarında,
Soy adımı, soy andımı!

Babəkimi, Koroğlumu,
Cavanşiri, Səttarxanı
Bir də anıb and içirəm!
Torpağını qorumaqçün
Silahlanıb and içirəm!

And içirəm əcdadımın –
Xətainin qılıncına.
Yağı düşmən qovulmamış
Girməyəcək qılınc qına.

And içirəm şəhidlərin
Məzarına – al qanına.
Qoy andımı qəbul etsin
Dədəm Qorqud, Tomris ana.

Sadiqəm mən bu torpaqda
Öz andıma, öz vədimə.
Vətən, inan övladına,
Vətən, inan düz vədimə.

Dönük çıxsam haram olsun
Qoy verdiyin çörək mənə.
Sənsiz axı, nəyə gərək,
Bu can mənə, ürək mənə?

Torpağıma – öz anama,
Vicdanıma and içirəm!
Ən müqəddəs Kitabıma –
Quranıma and içirəm!

Layla deyib Azərbaycan,
Keşik çəkib hər an mənə.
Öz andımı pozsam əgər,
Qənim olsun Quran mənə!

12 aprel 1992