Sinəmə-sinəmə

Tanrım, axı nə dərddi bu?
Fəlakətin yoxmu sonu?
Əridilmiş qurğuşunu
Tökdün sinəmə-sinəmə?

Susmaq bilmir yenə yağı,
Qanlar yuyur bu torpağı,
Bir yandan da qardaş dağı
Çəkdin sinəmə-sinəmə!

Elə xoş gün diləmişdim,
Arzuları bələmişdim,
Kimə pislik eləmişdim?
Çökdün sinəmə-sinəmə?

Namərd tökür nahaq qanı,
Bu dünyada de, haqq hanı?
Bar verəcək qəm bostanı
Əkdin sinəmə-sinəmə.

Fevral 1992