Sınmış budaq

Nemət sərgisini açıbdır payız,
Ürəyi coşdurur torpağın barı.
Boyalar əlvandır, rənglər saysız,
Yenə aşıb-daşır hər bağın barı.

Önümdə barlı bir ağac dayanmış,
Onu seyr etdikcə qəmləndim yaman.
Alma ağacının budağı sınmış,
Sınmış almaların ağırlığından.

Göyərən deyildir qırılan budaq,
Öz barı, özünün qənimi olub.
Sən hələ dünyanın işinə bir bax,
Ağac da ağlayıb, gözləri dolub.

Alma ağacına qonşuydu qovaq,
Kökü torpaqdaydı, başı göylərdə.
Qırılan budağa gülürdü ancaq:
– Əgər hünərin var, çiçəklən bir də!

Üz tutub qovağa alma ağacı
Dedi qürrələnmə, barı ay arsız.
Sən də bir verəydin, olaydı acı,
Nə qədər boy asan barsızsan, barsız.

Hərə öz eybini anlasa, qansa,
Gəlməz xəyalına qonşuya gülmək.
Min il bar vermədən yaşamaqdansa,
Şərəfdir bar verib belə tez ölmək!

1983