Əsirgəməz

Təmiz qəlblə kim sevirsə yarını,
Unudarmı bircə an dildarını,
Alqışlar ömrünün nobaharını,
Çalar «Göyçəgülü» – saz əsirgəməz,
Nəğmə əsirgəməz, söz əsirgəməz.

İki ürək bir ahənglə vurursa,
Ülvi sevgi ayı, ili yorursa,
Tərifli söz əgər dili yorursa,
Nəyi var yarından yar əsirgəməz,
Sərvət əsirgəməz, var əsirgəməz.

Sevən aşiq sadiq qalar eşqinə,
Dərk eləyər məhəbbəti, eşqi nə?
Hər əzaba sinə gərib o yenə,
Odlu ürəyini, bil əsirgəməz,
Gülüstan bağışlar, gül əsirgəməz.

Aşiq hey can atar yarı görməyə,
Şirin söhbət edib könül verməyə,
Həsrətə, hicrana sinə gərməyə,
Gəlib salam verər, əl əsirgəməz,
Öpüb, oxşamağa tel əsirgəməz.

Əli Vəkil sözü bütöv, vəfalı,
Sevgi yolu sıldırımlı, cəfalı,
Könül bağı xoş ətirli, səfalı,
Yarından heç zaman bar əsirgəməz,
Heyva əsirgəməz, nar əsirgəməz.

Rusiya. İvanovo şəhəri.
13 avqust 2002