Şirin anlar…

Xəyal öz yerimdən qopardı məni,
Bilirsən heç nələr gəldi yadıma.
Gənclik illərinə apardı məni,
Sevişdik, eşqinlə çatdın dadıma.

Məhəbbət kələfi çözələndikcə,
Sevgi günlərini yaşadım bir də.
Sevincdən ürəyim dil açdı necə,
Yenidən gəncləşdik xatirələrdə.

Evin qənşərində dayanardım ki,
Qızlarla keçəndə baxım doyunca.
Səni düşünərdim, hey anardım ki,
Baxışım səpilsin yollar boyunca.

Mənə məhəl qoyub baxmazdın bəzən,
Deyərdin: – Obadan, eldən ayıbdı.
Üz-üzə gələndə söylənərdin sən:
– Sirri qonşulara de, kim yayıbdı?

Gülüm, kənd yerində söz-söhbət olar,
Kim-kimə vurulub duyardı ellər.
Zarafat eyləyib hərdən oğlanlar:
– Sənin də gözaltın vardır? – deyillər.

Gizli saxlasaq da ürəyimizdə,
Gün gəldi şüara döndü eşqimiz.
Onu əzizlədik ürəkdə, gözdə,
Xoşbəxtik qoruduq məhəbbəti biz.

Dindi xatirələr, o şirin anlar,
Yandım atəşində, dondum qarında.
Kaş sevib-sevilən qızlar, oğlanlar
Dəyişməz qalsınlar sevdalarında!

19 iyun 1982