Şirinləşib

Gözəlim, qarşıma çıxdığın gündən,
Aylar şirinləşib, il şirinləşib.
Şimşək tək qəlbimdə çaxdığın gündən
Könüldən-könülə yol şirinləşib.

Ömrümdə-günümdə al Günəş, al dan,
Nə gözəl xəlq edib səni Yaradan,
İncə dodağında yer tapdığından
Gözümdə, dilimdə xal şirinləşib.

Tale bəxş eləyib səni bu elə,
Əhdin, sədaqətin qoy düşsün dilə,
Yanağın bənzəyir laləyə, gülə,
Bəlkə onun üçün al şirinləşib?

Yanvar 1991