Hər insan əməli, adıyla yaşar,
«Kim dansa əslini, haramzadadı».
Mərdlər ürəyinin oduyla yaşar,
«Kim dansa əslini, haramzadadı».
Ənənədi Koroğlunun mərdliyi,
Göyə məlum, yer oğlunun mərdliyi,
Var Vətənin, hər oğlunun mərdliyi,
«Kim dansa əslini, haramzadadı».
Tarixdə az deyil keçəl Həmzələr,
Xəyanətdən çəkərmi əl, Həmzələr,
Yoxa çıxmır bu bədəməl Həmzələr,
«Kim dansa əslini, haramzadadı».
İlanlar, əqrəblər çalmasa olmaz,
Qurd yeyər quzunu gödəni dolmaz,
Tülkü hiyləsindən, felindən qalmaz,
«Kim dansa əslini, haramzadadı».
Əli Vəkil, deyiləsi söz çoxdu,
Ürəyin təmizdi, gözlərin toxdu,
Vətəndən savayı heç nəyin yoxdu,
«Kim dansa əslini, haramzadadı».
9 avqust 2002
Rusiya, İvanovo şəhəri