SONA BULAĞI

 Əli Vəkiloğlu

 

 

 

 

 

Sona bulağı

 

şeirlər və poema

 

             Əli Vəkiloğlu Səfiyevin oxuculara təqdim etdiyimiz bu ilk kitabçasında gənc şairin Vətəni, xalqlar dostluğunu, məhəbbəti tərənnüm edən lirik şeirlərilə yanaşı, «Sona bulağı» adlı poeması da verilmişdir.

 

 

 

Ömrümüzdə bahardır

Oturmuşam bağçada,
Xəfif-xəfif əsir yel.
Səslənir şam bağçada,
Bəzən də lap kəsir yel.

Göy tacını ağaclar
Küsüb yerə endirir.
Təbiətin bu hökmü
Ürəyimi dindirir.

Titrədikcə budaqlar
Yarpaqlar pıçıldaşır.
Yaşıl donlu bağçada
İndi xəzan dolaşır.

Başqa bir boya vurmuş
Yer üzünə təbiət.
Qəlbimə ilham verir
Onda olan bu hikmət.

Bağda ötən bülbül də
Gül ilə vidalaşmış.
Son dəfə aşiqinin
Ətrafına dolaşmış.

Kainatın öz fəsli,
Qışı var, payızı var.
Gah boranlı günləri,
Gah ətirli yazı var.

Gəl indi seyr eyləyək
Biz könüllər mülkünü.
Əbədi bahara bax,
Gör çiçəkli hər günü.

Həyatımız gülşəndir,
Görmür şaxta, nə də qar.
Daimidir yurdumda
Ömrümüzçün şən bahar.

 

 

Bakım

Könlüm səni anar hər an
Mənim Bakım, mənim Bakım.
Sən ürəyim, sən canımsan,
Mənim Bakım, mənim Bakım.

Layla çalır Xəzər sənə,
Göylərində nəğmə gəzər,
Hüsnün günə, aya bənzər,
Mənim Bakım, mənim Bakım.

Nur saçırsan bir mayak tək,
Eşqin ilə vurur ürək.
Gülür sənə xoş gələcək,
Mənim Bakım, mənim Bakım.

Sinən ana qucağıdır,
Xoşbəxtlərin oylağıdır,
Qəlbin nemət bulağıdır,
Mənim Bakım, mənim Bakım.

Nə mənalı günlərin var,
Sənə mehman olmuş bahar,
Odlar yurdu gözəl diyar,
Mənim Bakım, mənim Bakım.

 

 

Qazax dostum Dukenə

Əziz qardaş, gedək bizim diyara,
Yaşıl yamacları gəzək doyunca.
Çiçəkli düzləri hey yara-yara
Kürü seyrə çıxaq sahil boyunca.

Gahdan da üz qoyaq bir uca dağa,
Dərələri ötüb döşə çıxaq biz.
Gahdan enib gələk o buz bulağa,
İçək sərinləsin ürəklərimiz.

Oxşasın saçını səhərin yeli,
Dağların, düzlərin havasına bax.
Seyr et Hayastanı, o qardaş eli
Sən də bizim ellərin vəfasına bax.

Gözəldir Qafqazım bu yerlər kimi,
Könlüm təbitdən min ilham alır.
Bəxtiyar gördükcə mən Vətənimi
Bağrımın başından şadlıq ucalır.

Xəzərin seyrinə çıx axşam, səhər,
Buruq meşəsinə nəzər sal bir an.
Bizim doğma Bakı – möhtəşəm şəhər
Qəlbində yaşayar, gülər hər zaman.

 

 

Sənin dan ulduzun

(C.Cabbarlının xatirəsinə)

Qaranlıq gecədə səni gözləyib,
Durmaqdan yoruldum, ey dan ulduzu.
Uzaq üfüqlərə göz gəzdirməkdən
Az qala kor oldum, ey dan ulduzu.
                                                 C.Cabbarlı

Min ümid bağladın o ulduza sən,
Dedin dan ulduzu doğacaq yəqin.
O doğdu tufanlar içərisindən,
Nur saçdı gözünə əbədiyyətin.

O ulduz şimaldan parladı, yandı,
Süzüldü qəlblərə, hərarət gəldi.
Onunla bu həyat nura boyandı,
Ürəklər sevindi, insan dikəldi.

Qızıl axtarmadın, pul axtarmadın,
Alması, Yaqutu özün yaratdın.
Yaşayır Yaşarla sənətkar adın,
Sən öz ulduzunla arzuna çatdın.

Əgər bacarsaydım ölməz adına
Yazardım dəyərli qalın kitablar.
Lakin sənin kimi söz ustadına
Yeni söz deməyə qüdrətimmi var?

 

Daş yonan usta

Əlində polad çəkic
Usta yonur daşları.
Qəlbinin sevincindən
İşlədikcə açılır
Alnının qırışları.
Ürəyinin istəyi
Şölələnir üzündə.
Həkk etdiyi göyərçin
Cana gəlir gözündə.
Sülh quşu şığıyaraq
Yarır sıx buludları,
Qanadıyla söndürür
Uzaq ölkələrdəki
Alovları, odları…
Sanki mavi səmada
Süzən o quş deyildir,
Sənətkarın özüdür.
Quşun sülh nəğməsi də
Onun cəh-cəhi deyil,
Sənətkarın özüdür,
O götürüb əlilə
Daşı qoyur divara.
Elə bil ki, dünyanı
Bu an bəxş eləyirsən
Daş yonan sənətkara.
Baxışından oxudum
Mən onun sevincini.
Zəhmətilə yaradır
O, ən nadir incini.
Bir ax sənətkar əli
Sərt  daşa da verir can.
Deyin heç yorularmı
Sənətilə yaşayıb,
Əməyi sevən insan?!

 

Dağlar

(Gənc geoloqun dilindən)

Açılsın quzeyin, ərisin qarın,
Qoy açıq görünsün başın, a dağlar.
Mən ki, vurğunuyam o yamacların
Çıxım axtarışa döşünə, dağlar.

Yaşıl köynəyini geyinəndə sən,
Zirvəndən getməyir nə duman, nə çən,
Yaxanda açılan güldən, çiçəkdən
Bahar çələng hörür başına, dağlar.

Yaz vaxtı qonağın bəxtiyar ellər,
Açılır lalələr, ətirli güllər.
Əsirlər dolanıb ötdükcə illər
Kim bilər neçədir yaşın, a dağlar?!

Qalxım aşrımları, dərədən keçim,
Ayna bulaqlardan doyunca içim,
Axtarıb qəlbindən incini seçim,
Qızıldır, gövhərdir daşın, a dağlar.

Qonsun ayağıma otların şehi,
Öpsün saçlarımı səhərin mehi,
Mən məskən seçəndə yaşıl quzeyi
Qoy olsun yastığım daşın, a dağlar.

  

Ey sevgilim

Ey sevgilim, eşqinlə
Coşub alovlanıram.
Vurğunam gözlərinə,
Bircə səni anıram.

Gör necə bir azaddır,
Həm sevmək, həm sevilmək.
Yaratmaq həvəsilə
Vurur sinəmdə ürək.

Nə mən Məcnunam indi,
Nə də ki sən Leylisən.
Günlərimiz getdikcə
Keçir gör necə bir şən.

Sən əməkdə aşırsan
Hər səddi, hər zirvəni.
Qazandığın zəfərlər
Heyran eyləyir məni.

Gör necə bəxtiyardır
Yer üzündə nəslimiz.
Xoş gələcək naminə
Yaradıb qururuq biz.

Sən zəfər çal, gözəlim,
Mən də yazım əməkdən.
Nə böyük səadətdir
Söz açmaq gələcəkdən.

Qoy daim çiçək açsın
Bizim bu istəyimiz:
Hünər, zəfər günündə
Edək toyumuzu biz!

 

 

Eşqimin gücü

Eşqimin gücünü bilmək istəsən,
Gərək ki, yadında bu qalsın ancaq:
Dilimlə deməyi gözləməyib sən,
Zəhmət çək qəlbimin vurmasına bax.

 

 

Məhəbbətindir

Qonşumuzun qızı, sən
Gəl xəbər alma məndən
Niyə tez oyanıram.
Səhər lap erkən durub
Yolunda dayanıram.
Axı sənin eşqinlə
Gecə yuxu bilmədən
Daim alovlanıram.
Lakin səni görəndə
Öz eşqimi açmağa
Nədənsə utanıram.
Sənsə mənim qəlbimi
Oxuya bilməyirsən.
O saf məhəbbətimi
Heç duya bilməyirsən.
Anladınmı, gözəl qız,
Məni tezdən oyadan
Məhəbbətindir yalnız.

 

  

Ürəyin dəyişməsin

Yolun qapımızdandır,
Gəlib işə gedirsən.
Göz qoyuram hər dəfə
Buradan ötəndə sən.

Bir bax, özünə layiq
İncə gözəlliyin var.
Hüsnünə pis yaraşmır
Əynindəki paltarlar.

Dəyişib qiyafəni
Hər gün bir cür geyirsən.
Bəlkə: – «öz sevgilimə
Xoş görünüm» – deyirsən.

Buna heç bir sözüm yox,
Geyin istədiyin tək.
Lakin qoy dəyişməsin,
Köksündəki o ürək.

Paltarını sən tez-tez
Dəyişsən də, gözəl qız,
Çalış ki, sənin könlün
Bircə don geysin yalnız.

 

 

Sən gülən zaman

(nəğmə)

Bir səni andım,
Oduna yandım.
Fikrini qandım
Sən gülən zaman.

Sən ki, bir çiçək,
Susmaq nə gərək?
Şadlanır ürək
Sən gülən zaman.

Dövrana bax bir,
Gör nə gözəldir!
İlhamım gəlir
Sən gülən zaman.

Eşqim əzəli,
Ellər gözəli,
Şad olur Əli
Sən gülən zaman.

 

  

Sona bulağı

(poema)

Yenə çağlayırsan bu qəlbim təki,
Axıb sərin suyun tökülür çaya.
Nə məğrur dayanıb başın üstdəki
Buludla öpüşən qoca Şişqaya!

Alt yanın dərədir, sinəsi çəmən,
Üst yanın dikbaşlı dağlar görünür.
Hər axşam, hər səhər bilmirəm nədən,
Mavi qucağından duman sürünür?

Dolanır fəsillər, dolanır illər,
Sənsə aram-aram axırsan, bulaq!
Səni çulğamışmı bir hicran, kədər,
De niyə mənalı baxırsan, bulaq?!

Söylə bir sözünmü, söhbətinmi var,
Bəlkə bir sirdir, bəlkə əfsanə?
Bəlkə də üzünə gülməmiş bahar,
Təbiət kəc baxmış bir zaman sənə.

Yox, yox, mən bilirəm, deməsən də sən,
Qəlbini coşduran nələrdir, nələr!
İndi seyr etdikcə bu yerləri mən,
Bəzən nəğmələrin qəmli inildər.

Ağırdır bu çeşmənin, dostlar, dərdi, möhnəti,
Qələm alıb yazdım mən bu qəmli hekayəti.

Yaşamış keçmişdə igid bir çoban,
Almış ilhamını yaşıl dağlardan.
Möhnətli olmuşdur onun həyatı,
Dediyim çobanın Eldardı adı.

Tay-tuş içində onun yaxşı hörməti vardı,
Bu ucaboy oğlanın gücü, qüvvəti vardı.
Kimsə əyə bilməzdi onun mətin qolunu,
Hamı qəlbdən sevərdi bizim dağlar oğlunu.
Eldar çox qanacaqlı, namuslu cavan idi,
Qaraqaş, enlikürək, sanki pəhləvan idi.
O bir dəfə çomaqla öldürmüş canavarı,
Mərdliklə qorumuşdu sürüdə qoyunları.
Otarmış bəylərin qoyunlarını,
O, yüksək saxlamış öz vüqarını.
Bir yandan Eldarı sıxsa da rüzgar,
Bir yandan ömrünə gülmüşdü bahar:
Vardı Sona adlı sevdiyi bir qız,
Bir göllər sonası, bir parlaq ulduz.
Kasıb bir kişinin qızıydı Sona,
Gözəllik vermişdi təbiət ona.
Laləydi yanağı, boyusa bəstə,
Saçları gərdəndə dəstəbədəstə.
Şirinə bərabər, Xumarın tayı,
Bəlkə gözəllikdə keçmiş Humayı.
Yerişi, duruşu canlar alırdı,
Hər sözü könülə bir od salırdı.
Ürəkdən sevirdi o qız Eldarı,
Bir oydu dünyada dövləti, varı.
Onların toyuna qalmışdı on gün,
Hazırlıq gedirdi xeyir iş üçün.
Götürüb səhəngi Sona çiyninə,
Nərgiz bulağına yollanır yenə.
Azğın bir bəy oğlu keçir qapıdan,
Sonasa bulaqdan dönür bu zaman.
Görərkən o qızı sarsılır birdən,
Tərpənə bilməyir durduğu yerdən.
Arxadan çağırıb «qız, dayan!» – deyir,
«Dərdindən dəliyəm, ey canan!» – deyir.
Salır o baxışlar bəyi azara,
Bilmir ki, dərdindən o getsin hara.
Oradan düz evə yollanır birbaş,
Bir tədbir axtarır o yavaş-yavaş.
Atası yeyirdi kəndin varını,
Dağ-dərə tutmurdu qoyunlarını.

Atanın, ananın bir dənəsiydi,
Hər nə istəsəydi o edəsiydi.
Danışan olmazdı onun önündə,
Məclis qurulardı hər ad günündə.
Avara gəzərək yaşa dolmuşdu,
Elmsiz, sənətsiz səfil olmuşdu.
O, it boğuşdurar, it oynadardı,
Özütək bir neçə dostu da vardı.
Yoxsul uşağını hər vaxt söyərdi,
Gündə də bir cürə paltar geyərdi.

Bəy oğlu dostunu çağırıb həmən
Deyir ki, Sonanı xoşlamıam mən.
Tezliklə dərdimə bir əlac gərək,
Onu qaçırmasam, partlayar ürək.
Kazım söyləyir ki, bəy oğlu, dayan,
Onun atasını de varmı sayan?
Özün bəy oğlusan, xan qızı al sən,
Adına layiqmi hər yoldan ötən?
– Mən yoxsul qızını almaram, inan,
Burada məqsəd var, Kazım, yaxşı qan!
Götürüb qaçıraq qızı bir dağa,
O «Ələs» adlanan sərin yaylağa.
Bil ki, işlərimiz düzəlib tamam,
Çıxıbdır yaylağa atamla anam.
Ayrıca bir çadır qurduraram mən,
Namərddir bu işdə sözündən dönən.
– Razı olarmı heç atan da buna?
Gərək ki, əvvəlcə deyəsən ona.
– Qabaqca hirslənib coşacaq bir az,
Atadır, oğlunu çölə tullamaz.
Axırda bir təhər razı salarıq,
Hirsini soyudub, ələ alarıq.
Ürəkdən o qızla kef edib bir az,
Sonra da deyərəm «di get, yaramaz!»
Belə də məsləhət etdilər onlar,
Qızı qaçırmalı, qətidir qərar!

Bir xəbər yayıldı lap tezdən kəndə,
Günün şəfəqləri ilk süzüləndə.
Bağlamaq olarmı kənddə ağızı?
Dedilər bəy oğlu qaçırıb qızı.
Elə bil ildırım vurdu Eldarı,
Çıxmışdı əlindən vəfalı yarı.
O minib atını de hara çapdı,
Baş-başa dayanmış dağlara çapdı.

Eldar gedir cəsarətlə,
Qaytarammaz kimsə onu.
Dəryalar da söndürəmməz
Qəzəb-nifrət alovunu.

O gedirdi, çıxmış əldən
Alagözlü bir nigarı.
Namərdlərə əsir idi
Öz Sonası – nazlı yarı.

O gedirdi, əldə çomaq
Vuruş üçün düşmən üstə.
Babək kimi məhv edərdi
Düşmən olsa dəstə-dəstə.

İgid çoban ildırımtək
Dərə keçib, təpə aşdı.
Sinəsində boy atdığı
Doğma kənddən uzaqlaşdı.

Qalxırdı lağlara üç nəfər bu an,
Sonasa ağlayıb edirdi fəğan.
İkisi oğlandır namərd, insafsız,
Quldur əllərində köməksiz bir qız.
Onu incidirdi bəy oğlu – yağı,
Qızı aparırlar əsir sayağı.
Atlar da bu dərdi duyaraq nədən
Ağır gedirdilər heç tələsmədən.
Sanki Şişqaya da titrədi, əsdi,
Çən, duman onların yolunu kəsdi.
Külək tufan etdi, coşdu durmadan,
Əsdi ki, Sonanı qurtarsın dardan.
Elə bil qəzəbdən dil açdı dağlar,
Dedilər: – qoy Sona etməsin ah-zar.
Yamaclar dil açdı, bulaqlar axdı,
Göylər tüğyan edib, ildırım çaxdı.
Dağlar isiədi ki, gəlsin baş-başa,
Bir kömək etsinlər o qələmqaşa.
Az qaldı Şişqaya uçub tökülsün,
Kaş bircə Sonanın ay üzü gülsün.
İstədi vulkantək püskürüb bir an
O iki alçağı silsin dünyadan.
Qartal havalanıb uçdu ki, birdən,
Sonanı qurtarsın düşmən əllərdən.
Sona gedir, haqdan aman diləyir,
Bu dağlar, təpələr ona baş əyir.
Keçirlər dərədən, keçirlər dağdan,
Görünür Eldarım bu an uzaqdan.

Köməksiz Sonanın qulağı səsdə,
Gəlib yetişdilər bir təpə üstə.
Ulu Şişqayadan bir az aşağı,
Bir yer ki, dərədir həm solu, sağı.
Dörd tərəf uçurum, bu yersə düzən.
Baharda köksünə çiçəklər düzən
Bax elə burada qəflətən Eldar
Dərədən çıxarkən mat qaldı onlar.
Yetişdi düşmənə, yetişdi çoban,
Qəlbində intiqam məşəli yandı.
Dolandı başına sanki asiman,
Görərkən Eldarı düşmən dayandı.
Ah, ondar ikidir, Eldar isə tək,
Yox, onun köməyi olmasa da bil,
Mübariz qəhrəman, qorxmaz bir ürək
Düşmən qarşısında alçalan deyil.
Bəy oğlu Sonanı buraxdı bu dəm,
Qız atdan sıçradı ürəyində qəm.
Sonra ah çəkərək dedi: – Eldarım,
Ey mənim həyatım, ey mənim yarım!
Elə bil bədəni od tutub yandı,
Burda öldürmək var, burda ölmək var.
İki qılınc göydə hazır dayandı.
«Namərdlər!» – deyərək şığıdı Eldar.
Şığıdı yenilməz qəhrəman kimi,
Dağlarda böyümüş bir aslan kimi.
Eldar qəzəblənmiş pələngə döndü,
Bir anda çomağı göydə göründü.
Qələbə çalmaq üçün hərə bir fürsət gəzdi,
Qoçaqlığı heç igid burda əsirgəməzdi.
İstədilər Eldarı onlar vura arxadan,
Fəqət düşmənə heç vaxt aman vermədi çoban.
Günəşin şəfəqində parıldadı qılınclar,
Döydü ayaqlarını yerə qəzəblə atlar.
Qalib gəlmək eşqiylə vuruşdular xeyli an,
Hər üçü at belində durmadan, dayanmadan.
Çıxdı birdən irəli, çıxdı Eldarın atı,
Bir təhlükə önündə qaldı düşmən həyatı.
Nərə çəkib endirdi kinlə çomağı birdən,
Həmin anda şaş Kazım yuvarlandı yəhərdən.
Bircə zərbə bu anda Kazımı yerə sərdi,
Bəy oğlunun yolunda «vəfalı dost» gəbərdi.
Eldarın öz çomağı yenə də əlindədir,
Cəsur bir insan kimi vuruşu davam edir.
Təpə başı çevrildi bir döyüş meydanına,
Eldar bərk susamışdı namərdlərin qanına.
Bəy oğlu qalmış indi onun ilə təkbətək,
Gərək yumuşalmasın döyüşdə qorxmaz ürək.
Oynayır yenə də əlində çomaq,
Çoban nərə çəkib qızışır ancaq.
Bəy oğlu ölümdən qorxdu bu ara,
Gördu iş çətindir, düşübdür dara.
Vuruşda Eldarla bacarmayacaq,
Tez hiylə işlətdi o xain, alçaq.
Dərhal xəncərini çəkib belindən,
Eldarın köksünü tuşladı yaman.
Çobansa düşməni vurmaq istərkən
Xəncər sağ qoluna sancıldı haman…
Doğradı damarı, kəsdi damarı,
Ağladı Eldarın vəfalı yarı.
Çomağı tutmadı dəxi sağ əli,
Parladı gözündə qəzəb məşəli.
Sağ qolu yanına düşdüyü zaman,
Bəy oğlu Eldarı vurdu başından.
Zərbəyə sol qolla cavab verdi o,
Çomaqla alçağı yerə sərdi o.

Eldar da yəhərdən yıxıldı bu an,
Başından, qolundan axırdı al qan.
Əqlini itirdi, itirdi çoban,
Bu dağlar qartalı igid qəhrəman.
Sona nalə çəkib Eldara baxdı,
Qolundan xəncəri dərhal çıxardı.
«Eldarım, o zərbə dəyəydi mənə,
Söylə necə dözüm sənin dərdinə?»
Qız baxdı xəncərdə qırmızı qana,
«Niyə dayanmısan, de niyə, Sona?»
Deyərək nifrətlə o geri döndü,
Sanki bütün aləm gözündə söndü.
Qız getdi otların üstünə düşmüş,
Zərbədən huşunu tamam itirmiş
Azğın bəy oğlunun getdi üstünə,
Nifrəti, qəzəbi çağladı yenə.
Qız baxdı tutduğu qanlı xəncərə,
Dolandı başına bütün dağ, dərə.
Dəstəyi əlində o sıxdı möhkəm,
Düşmənin yanında dayandı bu dəm.
Bəy oğlu təzəcə gəldi özünə,
Xəncər tutmuş Sona dəydi gözünə.
Yavaşca tərpənib durmaq istərkən,
Xəncər sol döşündən sancıldı birdən.
Elə sancıldı ki, ürəkdən keçdi,
Ürəyi doğrayıb kürəkdən keçdi.
Sona kimi aslana bacı dedim, dostlar, mən,
Əhsən, ey qəhrəman qız, əhsən sənə, min əhsən!
Tapşırdı öz ömrünü bu qudurğan bəy oğlu,
Yazdım bu sətirləri qəlbim nifrətlə dolu.
Sona geri döndü Eldarın üstə
Ürəyi yaralı, ürəyi xəstə.
Eldar çox ağırdı, başı yaralı,
Əynində köynəyi boyanmış qana,
İndi qohum uzaq, dostlar aralı,
Onun həmdəmidir sevdiyi Sona.
Baxır göy dağlara, həsrətlə baxır.
Qız yolur saçını «ah Eldar!» deyə.
Çağlayan göz yaşı sel kimi axır,
Səsi qanadlanıb yayılır göyə.

Ağırdır yarası, sağalmaz yəqin,
Qızın naləsilə dağ da ağlayır.
Eldar bircə danış, Eldar, bircə din.
Bu halın qəlbimi üzür, dağlayır.
Otlar baş qaldırıb deyir bu ara:
Bizdən dərman edin sağalsın yara.
Günəş tellərini səpərək bu dəm
Dedi o yaraya mən ollam məlhəm.
Ceyranlar ürkərək çıxdı gədiyə
Eldarın köksünü yalayaq deyə.
Çiçəklər ətrini yaydı hər yana
Ki bizim qəhrəman qoy gəlsin cana.
Əsməyə başlayıb külək astadan
Dedi qoy axmasın yaradan al qan.
Aldı kölgəsinə onu Şişqaya,
Bir dəstə bulud da gəldi haraya.
Quşlar ötüşmədi, quşlar dinmədi,
Eldar yaralıdır qoy olsun rahat.
Sular asta axdı, sular dinmədi,
Yaş tökdü insantək öz mindiyi at.
Bu elə dəhşətli bir andı, dostlar,
Alovlu bir ürək sönmək istəyir.
Mümkünsə qoymayın, amandı, dostlar,
Qartal göy üzündən enmək istəyir.
Gedir bizim Eldar, bu dağlar oğlu,
Bu qorxmaz qəhrəman, bu bahar oğlu.

Bu dağların mehmanıydı,
Bəsləyibdir dağlar onu.
Ana kimi öz qoynuna
Səsləyibdir dağlar onu.
Demək bir də bu dağlarda
Bizim qartal uçmayacaq.
Öz neyini çalıb hərdən
Məhəbbətlə coşmayacaq.

Əzəl gündən bizim Eldar
Bu yerlərdə boy atmışdır.
Səhər-səhər tütəyilə
Şən quşları oyatmışdır.

Dağlar onu unutmaz heç,
Neçə yerdə izi qalır.
Hər qayada nişanəsi,
Mahnıları, sözü qalır.

Bu yerlər tanışdı, tanışdı ona,
Eldarın həyatı çatırdı sona.
Nəhayət gözünü açıb bir anlıq
Yanıqlı bir səslə «bir az su» – deyir.
Sonanın gözünə çökür qaranlıq,
Elə bil alovdan, oddan don geyir.
Çoban ayılaraq bir an baxarkən
Sataşdı gözünə o qatı düşmən.
Gördü bəy oğlunu qanına qəltan,
Xəncəri köksünə batmışdı yaman.
Eldar düşmənini ölmüş görərkən,
Dedi ki, arxayın gedəcəyəm mən.
Ağırdır Eldarın, ağırdır halı,
Uçdu uzaqlara onun xəyalı:
Son dəfə atasını xatırladı o yenə,
Yola saldığı anlar gəldi gözü önünə.
Onsuz da dövran onu sıxırdı məngənətək,
Tək oğulun dərdinə bəs necə dözsün ürək?
Bu dərdi çəkə bilməz yazıq kişi Bəxtiyar,
Ah, dünyada gör onun nə bəlalı başı var.
Hələ qoca anası – biçarə Cahan xala,
Dözə bilməz həyatda belə dərdə, məlala.
Hələ onun həyatı, hələ ellər Sonası,
Öz vəfalı nigarı – mavi göllər Sonası.
Onun dərdi ağırdır, nakam gedir dünyadan,
Yoxsulları incidən amansız bir dünyadan.
Xəyaldır indi ona bu dağlarda gəzməsi,
Sonasının eşqinə əlvan çiçək dərməsi.
Qəlbindən qanlar axdı gördükcə göy dağları,
Bir də seyr etməyəcək Eldar bu yaylaqları.
Oxuyur yeni meydan Şişqaya göy səmaya,
Eldarı unutmaz heç qartal duruşlu qaya.
Onun ayaq izləri qalacaq Qocadağda,
Neçə sərin yaylaqda, gör neçə uca dağda.

Maraldağ da unutmaz bizim igid çobanı,
Eldarın gəzmədiyi yamac hanı, dağ hanı?
Keçdi gözü önündən bu yerlər qarış-qarış,
Ey həyat, gör nə qədər acı anların varmış?!
Yarımçıq qalır onun hər istəyi, arzusu,
Güclə nəfəs alaraq yenidən istəyir su.
Nə etsin bəs Sona, nə etsin indi?
Burada nə bulaq, nə də ki, çay var.
Yoxsa uzağamı o getsin indi?
Qız geri dönüncə tək qalsın Eldar?!
Yalvardı torpağa, yalvardı o qız,
Ondan su diləyib qışqırdı o qız.
Sona dırnağıyla qazırdı yeri,
Sanki poladdandı onun əlləri.
Elə bil torpaq da ağladı bu dəm,
Bir bulaq qaynadı onun qəlbindən.
Eşqin qüdrətilə qaynadı bulaq,
Buz kimi sərindi, aynadı bulaq.
Ovcunu doldurub sərin sudan qız
İçirtdi Eldara, içirtdi ona.
Elə bil bununla – su ilə yalnız,
Oğlanın həyatı yetişdi sona.
Bulaqsa çağlayıb səs saldı dağa,
Quşlar yas saxladı, sular inlədi,
Nakam aşiqlərə, mərhum qonağa
Dağ qara bağladı, bahar inlədi.
Şivən qopararaq, Sona ağladı,
Ah çəkərək yana-yana ağladı.
Bunların heç biri etmədi əsər,
Sarılıb cəsədə qaldı bir qədər.
Üzünü cıraraq, başını yoldu,
Lalə yanaqları gül kimi soldu.
İtirdi əqlini, düşdü dağlara,
Özü də bilmədi heç gedir hara…
İtirdi huşunu, düşüncəsini,
Qayalar əks etdi onun səsini.
Dağılıb töküldü ipək saçları,
Tüğyana gətirdi külək saçları.
Sona düşdü dağlara «hardasan Eldar?» – deyə,
Səslədi gecə-gündüz «gəl ey vəfadar!» – deyə.

O, sonu yox dağlardan, neçə dərədən keçdi,
Dilində Eldar sözə bənddən, bərədən keçdi.
Yoxa çıxdı yazıq qız, onu görən olmadı,
Sonalar Sonasından xəbər verən olmadı.
Hamının qəlbi yandı, adı düşdü dillərə,
Sonadan töfhə qaldı soyuq bulaq ellərə.

Burdan bir Sona keçmiş,
Sallanıb yana keçmiş.
Arayıb axtarın siz,
Görün hayana keçmiş?

Bax elə o gündəncə bulaq axdı, çağladı,
Ona verildi, dostlar, «Sona bulağı» adı…
Çox-çox uzaqlardadır indi o günlər bizdən,
Faciəli keçmişə min nifrət edirəm mən.
Sən ey Sona bulağı, əzbərisən dillərin,
Üstün şənliksiz olmur, sən fəxrisən ellərin.
Sevənlər, sevilənlər suyundan gəlib içir,
Duman, çən başın üstdən sənə baş əyib keçir.
Coşan ürəklər kimi çağla, bulaq, daş, bulaq,
Bizim bu xoş günlərə olubsan sirdaş, bulaq.
İndi səni görməyə xoşbəxt Sonalar gəlir,
Üstündən şənlik səsi, kaman səsi yüksəlir.
Suyundan içən hər kəs Sonanı yad eyləyir,
Sənin halına yanıb keçmişə lənət deyir.
Sən də fəxr edirsən ki, o günlər yoxdur daha,
Bizimlə bir gedirsən daha nurlu sabaha!
Tezliklə sərin suyun axacaqdır evlərə,
Buz suyundan içəcək bu ellər milyon kərə!

 

 

 

 

KİTABIN İÇİNDƏKİLƏR

Ömrümüzdə bahardır…………………………………………………………………………………………………………………………………………………2

Bakım…………………………………………………………………………………………………………………………………………………………………………3

Qazax dostum Dukenə……………………………………………………………………………………………………………………………………………….4

Sənin dan ulduzun………………………………………………………………………………………………………………………………………………………5

Daş yonan usta…………………………………………………………………………………………………………………………………………………………..6

Dağlar…………………………………………………………………………………………………………………………………………………………………………7

Ey sevgilim…………………………………………………………………………………………………………………………………………………………………8

Eşqimin gücü………………………………………………………………………………………………………………………………………………………………9

Məhəbbətindir…………………………………………………………………………………………………………………………………………………………..10

Ürəyin dəyişməsin……………………………………………………………………………………………………………………………………………………..11

Sən gülən zaman………………………………………………………………………………………………………………………………………………………..12

Sona bulağı (poema)………………………………………………………………………………………………………………………………………………….13