Ha yanaq eşqin odunda,
Bu həsrətin sonu yoxdur.
Uçan xəyal qanadında
Bu həsrətin sonu yoxdur.
Nə gözləyir bizi öndə?
Baş açmıram düzü mən də,
Dönəcəksən hansı gündə?
Bu həsrətin sonu yoxdur.
Gərək ayrı düşməyəydik,
Bu eşqə and içməyəydik,
Belə bir yol seçməyəydik,
Bu həsrətin sonu yoxdur.
Yaman olur hicran odu,
Qəlbə dolur hicran odu,
Qalır, qalır hicran odu,
Bu həsrətin sonu yoxdur.
Ayrılmırsan balalardan,
Dönəcəksən haçan ordan?
Əli Vəkil bilsin hardan?
Bu həsrətin sonu yoxdur.
20 sentyabr 2000