Sor

Eşq əhlinin əhvalını səni dərdə salandan sor,
Bir baxışla, bir gülüşlə ürəyində qalandan sor.

Məhəbbətin sınağı var, mətin olub dözmək gərək,
Qapılıb öz dünyasına hər an fikrə dalandan sor.

Sevənlər nəğmə vurğunu, qəlbi kaman, dil-dil ötər,
Hərdən könül rübabını bəmdə, zildə çalandan sor.

Eşqinin yolunda hər an düşərsən borana, qara,
Həsrət nədir, intizar nə, sevib zəfər çalandan sor.

Sevənlərin ürəyində odlu hisslər ümman olar,
Kövrələrək incə qəlbi bulud kimi dolandan sor.

Sevincin də, kədərin də məskəni odlu ürəkdir,
Aşiqlərin cəfasını hey saralıb solandan sor.

Əli Vəkil, sözlərini ürəyində dağ elədi,
Hər kəlmənin dəyərini dilində car olandan sor.

4 avqust 2002
Rusiya, İvanovo şəhəri