Sözüm var

Qaranquşlar müjdəçi, iİlk bahara sözüm var.
Göyçədə yada qalan yaylaqlara sözüm var.

Torpaqlar itirmişik, qarabağım əsirdi,
Qoruya bilmədik biz – bu diyara sözüm var.

Dəli dağ, Murov yasda, kəlbəcərim qan ağlar.
Dilim yaman gödəkdir, bulaqlara sözüm var.

Ürəyimi üzməkdə Şuşa, Laçın itkisi.
Yurdumda yaxınlara, uzaqlara sözüm var.

Bəlkə elə Göy gölüm Kəpəzin göz yaşıdır.
Tarlalara, bağlara, oymaqlara sözüm var.

Silindi xəritədən Xocalı adlı şəhər.
Şəhid olub bir gündə susanlara sözüm var.

Düşmən necə qaniçən, yağı necə hiyləgər.
Əli Vəkil deyir ki, insanlara sözüm var.

26 iyul 2002
Rusiya, İvanovo şəhəri