Sözümü mən

Sən qarşıma çıxdın qəfil,
Dönüb oğrun baxdın qəfil,
Şimşək kimi çaxdın qəfil,
Deyəmmədim sözümü mən.

Qəlbimdədir isti yerin,
Mənim olsun dərdi-sərin,
Xoş gəlir səsi tellərin,
Dinlə, çalım sazımı mən.

Ətirli çiçəyim oldun,
Yeganəm, göyçəyim oldun,
Xəyal yox, gerçəyim oldun,
Səndən aldım dözümü mən.

Zalım olma ver əlini,
Gözdən salma, ver əlini,
Xoş sözlə dindir Əlini,
Salamlayım yazımı mən.

28 oktyabr 2001