Mən nə deyim bu tələni qurana,
Tapşırıram onu Haqqa, Qurana.
Ad günümdə yenə məclis qur, ana,
Həsrətdən gözlərim dola-dolmaya.
Bu meydanı insafmıdır yad ala?
Yar xəyala ya dalmaya, ya dala.
Addımını at qabağa, ya dala,
Bağçada güllərim sola-solmaya.
Çalış düşmə sən əğyarın toruna,
Gərək deyil xəlbir una, tor una.
Can qurbandı sənin kimi toruna,
Sözlərim yadında qala-qalmaya.
Vay o gündən dağ-dərəni qurd ala,
Qəlbim şandı, çöp uzadıb qurdala.
Vaxt ötüşür, gəl saatı qur dala,
Yar gəlib könlümü ala-almaya.
Yaxşı tanı sən dağımı, dərəmi,
Bu yerlərdə nərgiz, lalə dər, əmi.
Əli Vəkil Zəfər gülü dərəmi?
Qələbə marşını çala-çalmaya.
2 sentyabr 2002