Təcnis

Nə qovğadı əğyar saldı arıya,
Kaş ki, yarım məni gəzə, arıya.
Nə deyəsən bal gətirən arıya,
Hey ağlaram düşdüm dərdə, neyləyim?

Dünyamızda yelləncəyi yellə, gül,
Zənn etmə ki, gələcəkdir yellə gül.
İstəyirsən tufanla gül, yellə gül,
Dərd dil açır pərdə-pərdə, neyləyim?

Sevdim eli, lap üzüldü can, ana,
Gəl oğlüna bir də deynən can, ana.
Nə söyləyim o dildara – canana?
Söz tükəndi, bəs bu yerdə neyləyim?

Öndə düz var, onun adı Haramı,
Seçəmmədik biz halalı, haramı,
Açıq söylə, bəyənmirsən haramı?
Qəfil vurdu, mən namərdə neyləyim?

Əli Vəkil, can qurbandı yanana,
Gəl halıma indi sən də yan, ana.
Başımıza oyun açdı «yan», ana,
Gözlərimə gəldi pərdə, neyləyim?

3 sentyabr 2002