Tək ağac

Fəsillər dolanıb, il gəlib keçib,
Tək-tənha durmusan haçandan bəri?
Külək qamçılayıb, sel gəlib keçib,
Yalqız daşımısan dərdi, kədəri.

«Tək əldən səs çıxmaz» – deyib atalar,
Niyə olmayıbdır dostun, sirdaşın?
Gövdəndə illərin ayaq izi var,
Nələr çəkməyibdir bəlalı başın?

Tufan gurlayanda gözlərin dolub,
Hərdən alazlayıb ildırım səni.
Alt yanın qayalıq, uçurum olub,
Qorxuda bilməyib sıldırım səni.

Gövdənə güc verib yaşamaq eşqi,
Budağın havada, kökün torpaqda.
Qəlbdə zirvə eşqi, qəlbdə dağ eşqi,
Qalıb təhlükəli anlar uzaqda.

Yayın istisində təntiyən yolçu
Kölgəndə dayanıb sərinləyibdir.
Dağlarda başına gün dəyən yolçu
Altında dincəlib «oxay» – deyibdir.

Bəlkə dörd tərəfn meşəlik olub?
Zamanın baltası kəsib onları.
Payızda yarpağın saralıb, solub,
Nə bilək alnına yazılanları?

Səni bənzədirəm ağır döyüşdə
Qələbə qazanan igid əsgərə.
Bitmisən yamacda, bitmisən döşdə,
«Tək ağac» – deyiblər bu adsız yerə.

Görkəmin yüksəltdi gözümdə səni,
Yaşatdın əyilməz palıd adını.
«Şah palıd» tanıdım dözümdə səni,
Ucaldın, ucaltdın öz əcdadını.

11 oktyabr 1987.
Pidsunda.