Tək sənin eşqinlə…

Tək sənin eşqinlə vurur ürəyim,
Naz edib ağlımı alma başımdan.
Məhəbbət qalası qurur ürəyim,
İnan sözlərimə, əhdimə inan.

Amandır, əzizim, qəlbimi üzmə,
Ətirli çiçəksən, məst etdin məni.
Məndən üz döndərmə, uzaqda gəzmə,
Deyirlər unutmaz sevən-sevəni.

Taleyin qəribə oyunları var,
Əl mənim, ətəksə sənindir, gülüm.
Sevən hər cəfaya, dərdə tablaşar,
Bu sevgi sevincim, qəmimdir, gülüm!

Ən ülvi hisslərim adınla bağlı,
Nəğməli qəlbimi çalan da sənsən.
Qoyma aşiqini sinəsi dağlı,
Səbrimi əlimdən alan da sənsən.

Eşitmə heç kəsi, yadlara uyma,
Nə çoxdur dünada ara vuranlar.
Sən mənim əlimi uzalı qoyma,
Sev olum bəxtiyar, sev məni, ey yar!

1984