Tələsirik

Bu dünyaya göz açandan,
Kainatı duyan andan,
Bir çay kimi axır zaman,
Hara belə tələsirik?

Qarşıdakı toylara da,
Matəmə də, vaylara da,
Öndən gələn aylara da,
Hər fəsilə tələsirik.

Qış tez ötə, yaz yetişə,
Əlli keçə, yüz yetişə,
Ürəkdəki söz yetişə,
Dağa, çölə tələsirik.

Deyirik tez gələ gənclik,
Bizimlə bir gülə gənclik,
Uşaqlığı silə gənclik,
Gülə-gülə tələsirik.

Can atırıq ad gününə,
Tez çatırıq ad gününə,
Kimlərinsə şad gününə
Dönüb selə tələsirik.

Dinləyərək bəmi, zili,
Yola salıb ayı, ili,
Dərk eləyib son mənzili,
Aya, ilə tələsirik.

Can atırıq ucalığa,
Tez çatırıq ucalığa,
Əl uzadıb qocalığa –
Kaş tez gələ, tələsirik.

Düşünürük: – vaxt var hələ,
Qarşıdadır bahar hələ,
Qibtə edib biz bülbülə,
Yoxsa gülə tələsirik?

Gözləyirik uşaq olsun,
Körpə bala tez doğulsun,
Qoy tezcə də yaşa dolsun,
Qaçsın çölə, tələsirik.

Ömrümüzdən hey ötər gün,
Yetişər vaxt, və bitər gün,
Bu hikməti bəs nə üçün
Billə-bilə tələsirik?

Həqiqət bu, məna budur,
İnsanları torpaq udur,
Bu həyatın qanunudur,
Son mənzilə tələsirik?

Sevinirik ötən ilə,
Tamamlanun bitən ilə,
Tarix olan itən ilə,
Biz əcələ tələsirik?

İtirməyək özümüzü,
Dərhal deyək sözümüzü,
Bəzən yaşlı gözümüzü
Silə-silə tələsirik.

Zəhmətlə yola sal günü,
Saz kimi köklə, çal günü,
Yaddan çıxmır vüsal günü,
Vallah elə tələsirik.

Əli Vəkil, gəl bezmə sən,
İstəyindən əl üzmə sən,
Gərək ümidlə gəzəsən,
Güvən elə, tələsirik!
Hara belə tələsirik?

1 oktyabr 2000