Tale məndən nə aldı, nə verəcək, kim bilir?
Bundan sonra gözlərim nə görəcək, kim bilir?
Nə yazılıb alnıma, məni nələr gözləyir?
Tez solacaq bəlkə də açan çiçək, kim bilir?
Hərəmiz bir mənzilin yolçusuyuq əzəldən,
Yaşadacaq nə qədər məni ürək, kim bilir?
Qaytaracaq millətim doğma Qarabağımı,
Haçan bütün məmləkət, el güləcək, kim bilir?
Göyçəm mənsiz darıxır, Göyçə gölüm kədərli,
Orda nə vaxt qızıl dan söküləcək, kim bilir?
Nə gördü başa çatan yüzillikdə xalqımız,
Kimlər nəyi uçurub, nə hörəcək, kim bilir?
Əli Vəkil, həyatı yaxşı dərk et, ayıq ol,
Bu yüz ildə başına nə gələcək, kim bilir?
24.07.2002