Tanrının sevənlərə töhfəsisən, ay gülüm,
İlahi bəxşişinə əhsən, əhsən, ay gülüm.
Adın dilimdə əzbər, əksin gözlərimdədir,
Qəlbimi dağlayırsan axı nədən, ay gülüm?
Gözlərinə baxmağa cürətim çatmır inan,
Özün söylə bəs indi neyləyim mən, ay gülüm?
Bir baxışın könlümü odlara salır həmən,
Əllərini əlimdən üzmə gəl sən, ay gülüm.
Ləyaqətli dilbərin qeydinə qalam gərək,
Almısan gözəlliyi mələklərdən, ay gülüm.
Aşiqlər yer üzündə sədaqətli yar gəzər,
Seçər ürək dostunu doğma eldən, ay gülüm.
Əli Vəkil həyatda sadiq yarın aşiqi,
Doymaq mümkün deyildir gül üzündən, ay gülüm.
17.05.2002