Tarda simlər oda döndü, dodaqlarda yandı qəzəl

Tarda simlər oda döndü, dodaqlarda yandı qəzəl,
Kaman ötdü həzin-həzin, muğamda sultandı qəzəl.

Ürəkləri ovsunladı Füzulinin ruhu yenə,
Ayaq açıb ölkələrə dünyanı dolandı qəzəl.

Oxunanda məftun edir «Zabul» məni, «Segah» məni,
Hamı heyran «Çahargah»a, muğamata candı qəzəl.

Füzulitək ustadı var, Vahid kimi davamçısı,
Xan Əmiyə ilham verən, Cabbar oxuyandı qəzəl.

Könül verib sevdi onu Seyid Əzim Şirvan idə,
Tükənməyir imkanları, sahilsiz ümmandı qəzəl.

Haray salıb dinir onda Leylə-Məcnun məhəbbəti,
Könüllərə şəfa verən təbibdi, loğmandı qəzəl.

Əli Vəkil ustad dedi neçə-neçə sənətkara,
Tariximdə, yaddaşlarda əbədi qalandı qəzəl.

12 aprel 2003