Telefonum

Mənim kimi fikrə dalıb,
Niyə susur telefonum?
Evdə sükut lövbər salıb,
Niyə susur telefonum?

Vaxt olur ki, tək qalırıq,
Birgə xəyala dalırıq,
Elə bil ki, lal oluruq,
Niyə susur telefonum?

Dözmək olmur işləməsə,
Öyrənmişik zəngə, səsə,
Söz çatdırır o hər kəsə,
Niyə susur telefonum?

Qəlbdən qəlbə körpu salır,
Xəbər verir, xəbər alır
Hərdən qəfləti zəng çalır,
Niyə susur telefonum?

Bəzən gəlir bir şad xəbər,
İnsana qol-qanad xəbər,
Səslənməsin qoy bəd xəbər,
Niyə susur telefonum?

Olur dostum, həmsöhbətim,
Ona bağlı hər həsrətim,
Onu əvəz kim edər, kim?
Niyə susur telefonum?

Yaxın edir uzaqları,
Dilləndirir uzaqları,
Zəng edəydim oğlum barı?
Niyə susur telefonum?

18 sentyabr 2000