Uça bilmədim

Xəyalın dalınca gəzdim, dolaşdım,
Neyləyim, quş olub uça bilmədim.
Tilsimli qapılar görəndə çaşdım,
«Sim-sim» deyib niyə aça bilmədim?

Yollar hamar oldu, sıldırım oldu,
Dizlərim qanadı, gözlərim doldu,
Güldən çələng hördüm, əlimdə soldu,
İnsanlıq səddini keçə bilmədim.

Heyif, uşaqlığım düşdü odlara,
Qanlı döyüş hara, xoşbəxtlik hara?
Qəmli ürəklərdə çal-çarpaz yara,
Fərəh xəyal oldu, quca bilmədim.

Ən dəhşətli müharibə gedirdi,
Atamı apardı, yetimlik verdi,
Bir-birini insanlar məhv edirdi,
Onda dünyadan baş aça bilmədim.

Dərd bol idi, uşaq qəlbim yaraydı,
Mənim üçün bəxtin üzü qaraydı,
Qızıl ordu kaş hədəfi vuraydı,
Alın yazısından qaça bilmədim.

Əlim qələm, dilim söz tutan andan,
Umacağım çox olmadı dövrandan,
Sadiq qaldım öz əhdimə hər zaman,
Xəyanət yolunu seçə bilmədim.

Tərənnüm elədim saf məhəbbəti,
Duydum saxta eşqi, təmiz niyyəti,
Yolum doğru oldu, sözlərim qəti,
Səadət şərbəti içə bilmədim.

Olmadı sərvətim, şöhrətim, şanım,
Odlar diyarıdır dinim, imanım,
Doğma Vətənimə qurbandır canım,
Yoluna gur işıq saça bilmədim.

Əli Vəkil sarban olub sözlərə,
Nəğmələri nur paylasın gözlərə,
İlham versin qoy ürəyi düzlərə,
Alaq otlarını biçə bilmədim.

15 avqust 2002