Ay insafsız, bilmirsənmi
Səni hər vaxt anır ürək?
Xəyalınla, saf eşqinlə
Uçur, pərvazlanır ürək.
Şirin nəğməm – söz olmusan,
Ürəyimdə köz olmusan,
İlqarına düz olmusan,
Həsrətindən yanır ürək.
İnanmıram qızlara mən,
Əhdə vəfasızlara mən,
İşvələrə, nazlara mən,
Səni Məkkə sanır ürək.
Vurulmuşam güllü yaza,
Dil-dil ötən telli saza,
Sənə nəğmə yaza-yaza,
Sizin bağa qonur ürək.
Gülüm, məni atsan əgər,
Özgəsinə satsan əgər,
Vədini unutsan əgər,
Görərsən ki, donur ürək!
25 oktyabr 1987
Pidsunda.