Uşaq yetim qalar yalnız anadan

Uşaq yetim qalar yalnız anadan,
Atadan yetimlik duymaz, gəl inan.
Ata da çox sevir öz balasını,
Anadır övladın oduna yanan.

Üzə bir, astara iki olursan,
Nə bu günkü, nə dünənki olursan.
Cəhd el əki, tanısınlar adınla,
Bütöv adam olmaq deyildir asan.

Çağrılan bir yerə ar eləmə sən,
Dəvətsiz bir yeri dar eləmə sən.
Harda artıqsansa oraya getmə,
Haraya getməyi gərək biləsən.

Doğru fitnə qaldırarsa pis, yaman,
Fitnə yatırarsa yaxşıdır yalan.
Yalan da, gerçək də yol yoldaşıdır,
Yalana, gerçəyə öyrənib cahan.

Xəmir suyu çox götürər, məlumdu,
Dərdli dərdə sinə gərər, məlumdu.
İnsan oğlu qəm daşıyar qəlbində,
Xəyallardan çələng hörər, məlumdu.

Xoruzun quyruğu görsənir axı,
Özgəsində görürsən sən gümanı.
Heç nəyi gizlətmək, ya danmaq olmaz,
Hamı yada salsın gərək Allahı.

Söylə, öurda heç hənanın yeridir?
Vəzifənin, adın-sanın yeridir?
Hər kəsdə insanlıq, mərifət gərək,
Ağıllının, söz qananın yeridir.

Pişiyim-pişiyim eləyir hələ,
Bilir ki, bir fürsət düşəcək ələ.
Çiy süd əmib axı bütün insanlar,
İşi düzələndə quracaq tələ.

Onun əli hələ daş altındadır,
Pusquda – silahı baş altındadır.
Şəhidlər vermişik Qarabağımda,
Xəyanət düyünü Daşaltındadır.

İnanma hər deyilənə həyatda,
Yalan ömür sürür yenə həyatda.
Görürsən üzünə gülən bir dostun
Xəyanət elədi sənə həyatda.

Yanan yer qaşınar, bilin hər zaman,
Ürək dərddən yanar, bilin hər zaman.
Elə ağır dərdlər var bu dünyada,
Mərd dözər, dayanar, bilin hər zaman.

Qoy çax-çax ha taqqıldasın, a qardaş,
Amma bildiyini üyüdəcək daş.
Dəyirmana dən gətirir insanlar,
Çıxır daş altından un yavaş-yavaş.

Çölmək yumbalanır diqqət ilə bax,
Axır gedib qapağını tapacaq.
Nə lazım qapaqsız çölmək, söyləyin,
Sonra çölmək yəqin südlə dolacaq.

Çıraq işıq salmaz dibinə nədən,
Heç bilmirəm necə yozum bunu mən?
Lazım deyil öz işığı özünə,
İnsana gərəkdir işıq əzəldən.

Papış tikir şeytana, bax bu insan,
Hiyləsindən baş açmazsan heç zaman.
Şeytan ilə tanışdırsa cahanda,
Elə onun özü şeytandı, şeytan.

26 sentyabr 2002