Davada atəş açdı silahlar,
Təhlükə gözlədi ölkəni.
Yaddan çıxmayacaq min illərlə…
Dostlar, unutmayın o günü.
Çoxları həsrətlə gözləyir hələ,
Mərdlər qayıtmadı davadan.
Bilirlər qayıdan deyillər onlar,
İtgin saldı onları dövran.
II
Yatın siz, doğma Vətən övladı,
Torpağın altda yatın siz yenə.
Həlak olanlar sığışa bilməz
Bizim bu nəhəng yer kürəsinə.
Bu gün, şərəfli Qələbə günü
Qulaq as, ağsaçlı ana:
«Dünyada sülhü qoruyaq gərək,
Qardaş sayılsın insan-insana!»
EPİLOQ
Siz ey insanlar, deyin ucadan –
Dəhşətli hərbə yol vermək olmaz.
Xoşbəxt yaşasın bütün uşaqlar,
Sülh olan yerdə heç kəs ağlamaz!
Zeytun ağacı
Qışın oğlan çağı, hər yan ağappaq,
Ağaclar itirib yarpaqlarını.
Gözlərim önündə gör neçə budaq
Torpağa bəxş edib yarpaqlarını.
Sənsə yamyaşılsan, zeytun ağacı,
Qızılı payızda dərilib barın.
Yaşıllıq həmişə başının tacı,
Yaşıl töhfəsisən güllü baharın.
Qardan paltar geyib bütün ağaclar,
Budaqlar yarpaqsız üşüyür yaman.
Bahardan hədiyyə bir örpəyin var,
Yaşıllıq bəxş edib sənə bu dövran.
Hər ömrün baharı, payızı vardır,
Ay bahar ömürlü ağacım mənim.
Qarlı qışı vardır, ayazı vardır,
Bahar nəfəslidir doğma Vətənim.
Sənə bənzəyəydi kaş ki, ömrümüz,
Nə xəzan görəydi, nə saralaydı.
Yaşıl boyayaydıq hər bir günü biz,
Ömrümüz beləcə yaşıl qalaydı!
1 noyabr 1985