Uzat ayağını yorğana görə

Uzat ayağını yorğana görə,
Sahmanla yerini sən ona görə.
Bir az ehtiyatlı olasan gərək,
Qoyma ayağını bir kimsə görə.

Al qapıda, sat qapıda, xeyirdi,
Malı mala qat qapıda, xeyirdi.
Qapın bərəkətli, xeyir-dualı,
Hər arzuna çat qapıda, xeyirdi.

Göydən nə yağdısa, yer qəbul etdi,
Yağış, dolu, bir də qar qənimətdi.
Bir-biriylə sirdaş olub Göylə Yer,
Onları dost edən bir sədaqətdi.

Kim bal tutsa, barmaq yalar həmişə,
Bal dadı damaqda qalar həmişə.
Arının insanı sancması da var,
Balı yüz çiçəkdən alar həmişə.

Yadda qalıb dazın daznan yatdığı,
Nə deməkdir dazın şıllaq atdığı.
Hamı bilir zarafatdı bu sözlər,
Budur dazın arzusuna çatdığı.

Elə bil göbəyi burda kəsilib,
Buranı özünə Məkkəmi bilib?
Göbəyi harada kəsilibdirsə,
Həmin kəs orala dünyaya gəlib.

Yersiz gəldi, yerli, sən qaç buradan,
Yersiz səni götürəcək aradan.
Çoxdur yer üzündə sırtıq adamlar,
Onlarla dil tapmaq çətindir, çətin.

Gönünə bələdəm dabbaxdan onun,
Axı nə mənası kim olduğunun?
Dabbaxda gönünə bələdsənsə sən,
Fərqi yox haradı doğulduğunun.

İrəli olubdur çömçə qaşıqdan,
Mümkünmü sahibi keçə qaşıqdan.
Xörəyi çömçəylə çəkərlər qaba,
Qaşıq, çömçə gərək olur hər zaman.

Hər şey incəlikdən sınsa da inan,
Fəqət insan sınar kobudluğundan.
Kobud olman yaraşmayır adama,
Nəcib insanlarla doludur cahan.

28 sentyabr 2002