Üzü bir, sözü bir kişitək qal sən

Üzü bir, sözü bir kişitək qal sən,
Sazında düzlüyü, doğrunu çal sən.
Yalanın, böhtanın qulu olunca,
Dilindən nə çıxsa, ağası ol sən.

Qələmi mən tutdum, şeiri sən yazdın,
Bizi xoşbəxt edən sevgidən yazdın.
Əhdə sadiq olsun bütün aşiqlər,
Söylədik bu eşqə min əhsən, yazdın.

Haqq adamı, qəlbin haqla düz olsa,
Susammazsan qəlbdə odlu söz olsa,
Tanrı səndən üz döndərməz heç zaman,
Ürəyində dərdin-sərin yüz olsa.

Acı, şirin bir ömürdü yaşaram,
Bəlkə hikmət, bəlkə sirdi, yaşaram.
Azdı, çoxdu, necə deyim bunu mən?
Qismətimdi, tale verdi, yaşaram.

Atalar deyib ki, tökülən dolmaz,
Əbədi məhəbbət saralmaz, solmaz.
Sevgidə yüz ölçüb, bir biçən adam,
Həyat sevdasında peşiman olmaz.

Həsrətin nə yaman yandırır məni,
Dözmürəm, ay aman, yandırır məni.
Eşqin, məhəbbətin ülvidir deyə,
Hər zaman, hər zaman yandırır məni.

Sözdən olur ürəklərin yarası,
Üz ağlığı, ya da ki, üz qarası.
Paralanmış, sınmış qəlbin yenə də
Sözlə olur, yalnız sözlə çarəsı.

Sənsiz qalmayıbdır mətanət, dözüm,
Qaranlıq gecədir parlaq gündüzüm.
Vallah, həsrətinə dözmək olmayır,
Şirin yuxuda da yol çəkir gözüm.

Yoxluğun nə yaman sarsıtdı məni,
Yelkəntək sularda hey atdı məni.
Xəyalən səninlə uyuyan zaman,
Şirin yuxudan da oyatdı məni.

Əzəldən yay kimi deyildi qəddim,
Sənin həsrətindən əyildi qəddim.
Heç kəsin üzünə baxmayıram mən,
Getmisən, düzəlmir bir ildi qəddim.

Oxladı könlümü qara gözlərin,
Çəkəcək aşiqi dara gözlərin.
Az qaldı qərq olam eşq dənizində,
Gülüm, zillənibdir hara gözlərin?

Sevərək qədrini bilən də mənəm,
Eşqindən şadlanan, gülən də mənəm.
Haraya yollanıb, haraya getsən,
Üz tutub arxanca gələn də mənəm.

Sevən ürəyimdə od gəzdirirəm,
Mənə doğma olan ad gəzdirirəm.
Səndən özgə bir kimsəyə yer yoxdur,
Demə ki, könlümdə yad gəzdirirəm.

Bir günə dolanır Yer öz başına,
Baxmayır nə aha, nə göz yaşına.
Qəfildən heç kimsə tuş gəlməsin qoy,
Taleyin atdığı sapand daşına.

Çıxmırsan yadımdan bircə an da sən,
Qəlbimə hakimsən bu cahanda sən.
Qoşa addımlayıb ömür sürürük,
Bələdçim olursan hər bir yanda sən.

Gözəl cəhətlərin çoxdur, gözəlim,
Heç kəsə bənzərin yoxdur, gözəlim.
Eşqinə əbədi bayraqdaram mən,
Sevgidə gözlərim toxdur, gözəlim.

Qəlbimi sarsıtdın, qopardın, ay qız,
Sən onu özünlə apardın, ay qız.
Həyatda mənimtək sadiq bir yarı,
De hardan axtarıb tapardın, ay qız?

Eşqinin yolunda dağlar aşaram,
Ürəyimdə sonsuz inam var, aşaram.
Əhdinə sadiqlər dillərə düşüb,
Sən sadiq olsan mənə, yar aşaram.

Hamı söyləyir ki, yalan dünyadı,
«Süleymandan, Nuhdan qalan dünyadı».
Yaranandan öz qanunu var onun,
Qəbir qazan, toylar çalan dünyadı.

Sevinc, kədər, xeyir və şər qoşadı,
Məğlub olmaq, həm də zəfər qoşadı.
Gecə, gündüz həyat, ölüm əl-ələ,
Sevgi, nifrət, şərbət, zəhər qoşadı.

Vuran ürəyimdi, gözümdü nəğmə,
Mətinlik deməkdi, dözümdü nəğmə.
Nəğməsi bir ömur kimə gərəkdir,
«Ana», «Vətən» adlı sözümdü nəğmə.

Nə dərdim, mən sənə yar ola bilsəm,
Eşqin yollarında var ola bilsəm.
Ömrümü nəğməyə, sözə verərdim,
Mən bir də yenidən doğula bilsəm.

Sözüm dildə gəzəcəkmi, bilmirəm,
Hər sınağa dözəcəkmi, bilmirəm.
Xoş ətrini duyub gələn nəsillər,
Bir gül kimi üzəcəkmi, bilmirəm.

Könül rübabımda simlər tarımdı,
Dilə gələn kamanımdı, tarımdı.
Ürəklərə ilham verən, can verən,
Yeni nəğmələrim, mahnılarımdı.

Tariximdə Babəkim var, bilirəm,
Cəsarəti daim yaşar, bilirəm.
Doğma Qarabağım alınacaqdır,
Tale bizə olacaq yar, bilirəm.

Cəsarətin rəmzi olub Beyrəyim,
Məhəbbətin rəmzi olub Beyrəyim.
Bu millətin birdi, beşdi ərəni,
İllər boyu hey doğulub Beyrəyim.

«Dədə Qorqud» bələdçimiz olubdur,
Hikmətiylə dünyaya səs salıbdır.
Bu dastanın hər vərəqi təzə-tər,
Min illərdir nə saralıb, solubdur.

Bu nə dövran, nə gərdişdi, ay Allah,
Nə sınaqdı, de, nə işdi, ay Allah!?
Qarabağı itirəndən xalqımız
Sağalmaz bir dərdə düşdü, ay Allah!

At oynatdı Qarabağda xəyanət,
Qurban getdi xəyanətə dəyanət.
Çoxalıbdır bu torpağı satanlar,
Məhv eləsin onları cəsarət.

Gülmür qəlbim, gülmür üzüm nə vaxtdı,
Kədərlidir nəğməm, sözüm nə vaxtdı.
Bir Qələbə sorağıyla yaşaram,
Qışa dönüb güllü yazım nə vaxtdı.

Məhəbbət yelkənim üzür sularda,
Xəyalım onunla gəzir sularda.
Üz tutub sahilə çıxacaq yəqin,
Deməyin yelkənlər bezir sularda.

Hardasa yolumu bir yar gözləyir,
Sevən ürəyində od var, gözləyir.
Aşiqlər yad etsin əhdi-peymanı,
Onları toy-düyün, mağar gözləyir.

Sərin yaylaqların səfası gözəl,
Həqiqi sevginin cəfası gözəl.
Sevib-sevilən çox ulu dünyada,
Eşqə sadiq yarın vəfası gözəl.

Qoruyağın bu diyarın adını,
Yanardağı, ürəyinin odunu.
Səsləyəcək, tapacaqdır bu Vətən
Dar ayaqda doğmasını, yadını.

Silahlanmaq olur mərdin çarəsi,
Tapılacaq onda dərdin çarəsi.
Torpaqları xilas etmək gərəkdir,
Bəs edər Vətənin bir işarəsi.

Kəlbəcər həsrəti üzür qəlbimi,
Doğrayır qəlbimi, əzir qəlbimi.
Cənnət diyarımın həsrətiəylə mən,
Gəzib dolaşıram lap Məcnun kimi.

Ağdərədə gözüm qalıb, neyləyim?
Könülaçan yazım qalıb, neyləyim?
Neçə-neçə yaylaqları yad etdim,
Orda mənim sazım qalıb, neyləyim?

Xankəndində dolaşaydım xan kimi,
Damarımda dövr eləyir qan kimi.
Düşmən ona yabançı ad veribdir,
Çox əzizdi, çox doğmadı can kimi.

Nə vardadı, nə dövlətdə məhəbbət,
Saf arzuda, ülviyyətdə məhəbbət.
Onun ilə alver etmək yaramaz,
Ömür sürür sədaqətdə məhəbbət.

Sev təmiz ürəklə, sev ayıq başla,
Dəyişmə cahanda onu daş-qaşla.
Onsuz da sevginin öz qanunu var,
Onu bəzəsən də zərlə, qumaşla.

Odlar yurdu, eşqin ilə yanmışam,
Doğulandan doğma anam sanmışam.
Harada olsam da onu yaxşı bil,
Tək səni düşünüb, səni anmışam.

Bu torpağı qorumasan yaşama,
Bağça-bağı qorumasan yaşama.
Neçə-neçə cənnət diyar yad əldə,
Qarabağı qorumasan yaşama.

Əgər satsam bu Vətəni dünyada,
Şaqa-şaqqa edin məni dünyada.
Övladımsan deyib anmasın gərək,
Doğma yurdum hər yetəni dünyada.

Sirli bir dünya var eşq aləmində,
Axtar tap sadiq yar eşq aləmində.
Dönük çıxsan, vəfasızlıq eyləsən,
Vallah, olarsan xar eşq aləmində.

Harda görünübdür belə faciə,
Yazıldı tarixə, ilə faciə.
Xocalı millətin soyqırımıdır,
Düşəcək dillərdər-dilə faciə.

Beş yerə bölünüb, beş yerə Vətən,
Kaş ki, birləşməyə söz verə Vətən.
Zəngəzur, Borçalı, Təbriz uzaqda,
Dərbəndi, Göyçəni itirən Vətən.

Nizamim var, Füzulim var tarixdə,
Xaqaninin adı yaşar tarixdə.
Dünyaya bəllidir söz nəhənglərim,
Nəsimidir şöhrət, vüqar tarixdə.

Ozanlar diyarı – Azərbaycanım,
Yazanlar diyarı – Azərbaycanım.
Bütün yer üzünün möcüzəsidir,
Bu bahar diyarı – Azərbaycanım.

Kəpəzimi, Göy gölümü seyrə çıx,
Hər yaylamı, hər çölüiü seyrə çıx.
Əbəs yerə cənnət diyar demirlər,
Gəl Şirvanı, gəl Milimi seyrə çıx.

Dədəm Qorqud qarış-qarış dolaşmış,
Dərə keçmiş, neçə uca dağ aşmış.
Bu torpağa ayaq basan yadelli,
Məğlub olub öz qanına bulaşmış.

25 iyul 1999