Eşitdim səsini telefonda mən,
Qəlbimdə sevincim ümmana döndü.
Fərəhdən məst oldu bircə anda mən,
Gözümdə bu dünya ala büründü.
Sənə qulaq asıb xəyala daldım,
Əksin gəlib durdu gözüm önündə.
Şirin sözlərindən min ilham aldım,
Güldürdün könlümü buludlu gündə..
Vallah, gözləmirdim bu zəngi, gülüm,
Nə yaxşı sən məni unutmamısan?
Nə xoşdur səsinin ahəngi, gülüm,
Yaşayır qəlbimdə, yaşayır hər an.
Qəfləti zənginlə, «salam» – sözünlə,
Keçmiş günlərimi qaytardın mənə.
Mənə ilham verən gülər üzünlə
Oxşadın qəlbimi, oxşadın yenə.
Eşitdim səsini, xoş xatirələr
Bir-bir vərəqləndi, dil açdı yenə.
Mən səni ölüncə unutsam əgər,
Xəyanət edərəm sədaqətinə.
İstərəm səninlə danışım, gülüm,
Doymaq mümkünmüdür doğma səsindən?
Üzünü bir dəfə görməyi, gülüm,
Bütün dünya ilə dəyişmərəm mən!
19 avqust 1984