(İlk məhəbbətini itirən gəncin dilindən)
Yurdumuzdan uzaqlarda
Necə dözürsən, vəfasız?
Darıxırsan yəqin orda,
Eldən gen düşən, vəfasız.
Deyirdin dözərəm sənsiz,
Dolanıb gəzərəm sənsiz,
Gülləri üzərəm sənsiz,
Dözürsənmi sən, vəfasız?
Öz kədərin, öz qəmin var,
Yəqin dostun, həmdəmin var,
Qəlbini üzür intizar?
Günün keçir şən, vəfasız.
Əhdimizi hey andım mən,
Axı sənə inandım mən,
Daha vallah usandım mən,
Başım üstə çən vəfasız.
And içmişdin dönə-dönə,
İnanmışdım dönə-dönə,
Nə ad verim bu əhdimə?
Düşdün gözümdən, vəfasız.
10 yanvar 2002