Ömür-gün yoldaşıma
Gözəlimsən, seçmişəm el içindən,
Ətirlisən, dərmişəm gül içindən,
Necə doyum, ay sevgilim de, səndən?
Vəfalımsan, vəfalımsan, vəfalım!
Məhəbbətin əzəlisən, əzəli,
Söz-söhbəti məzəlisən, məzəli,
İsmətlidir bu diyarın gözəli,
Vəfalımsan, vəfalımsan, vəfalım!
Gözəl xəlq eləyib yaradan səni,
Bəxş edib dünyada yara dan səni,
Bəxtəvər edibdir bu dövran səni,
Vəfalımsan, vəfalımsan, vəfalım!
Səndən ayrı qalmaq, gülüm, çox çətin,
Sevənə bəllidir eşqin, niyyətin,
Yer tapıb qəlbimdə saf məhəbbətin,
Vəfalımsan, vəfalımsan, vəfalım!
Bu nəğməni kəsə yazdım, kəsə mən,
Qulaq asdım ürəyimdə səsə mən,
Əli Vəkil, de ki, duydum nəsə mən,
Vəfalımsan, vəfalımsan, vəfalım!
17 iyul 1999