Vəfasız

(İlk məhəbbətini itirən gənc qızın dilindən)

Yurdumuzdan uzaqlarda
Necə dözürsən, vəfasız?
Darıxırsan bəlkə orda,
Eldən gen düşən vəfasız.

Deyirdin dözmərəm sənsiz,
Dolanıb gəzmərəm sənsiz,
Gülləri üzmərəm sənsiz,
Dönüksənmiş sən, vəfasız.

İndi özgə aləmin var,
Nə kədərin, nə qəmin var,
Yəqin könul həmdəmin var,
Günün keçir şən, vəfasız.

Əhdimizi hey andım mən,
Axı sənə inandım mən,
Bəsdir, daha usandım mən,
Başım üstə çən, vəfasız.

And içmişdin dönə-dönə,
İnanmışdım mən də sənə,
Nə ad verim bu əhdinə?
Düşdün gözümdən, vəfasız.

10 yanvar 2002