Vətən həsrəti

Eldən ayrılalı iki ay oldu,
Xəyallara qərq olmuşam nə yaman.
Həsrətin odunda qəlbim qovruldu,
Vətənim çıxmayıb bir an yadımdan.

Məni haraylayır dalğalı Xəzər,
Vallah darıxmışam xəzri üçün də.
Könlüm dil-dil ötən kamana bənzər,
Eynim açılmayır toyda, düyündə.

Saçımı daramır Bakı küləyi,
Gəzmək istəyirəm sahil bağında.
Ətirlidir yurdun gülü, çiçəyi,
Ayaq izlərim var hər bucağında.

Qələmə əl atdım darıxan zaman,
Vətən məhəbbəti hopub sözlərə.
Qovrulub odunda könlüm astadan,
Gözümdə canlanıb neçə dağ, dərə.

Xəyalən çıxmışam yurdun seyrinə,
Aynam olub Göy gölümün sinəsi.
Kəpəzin döşünə çıxmışam yenə,
Mənə ilham verib quşların səsi.

Dolaşmışam yaylaqları doyunca,
Qarabağı seyr etmişəm xəyalən.
Yol gedib Kür boyu, Araz boyunca,
Doyammadım o yerlərdən niyə mən?

Özüm qürbət eldə, qəlbim Vətəndə,
Qızdıra bilmədim bir an yerimi.
Məni unutmayıb yəqin Vətən də,
Qoruyub qoynunda nəğmələrimi.

Anmışam Bakını, anmışam hər an,
Əzizdir o mənə doğma anamtək.
Bəzən ayrılsam da gen qucağından,
Onun həsrətiylə çırpınır ürək.

Vətəndən uzaqda qəmlənir hər kəs,
Ürək susur, insan deyib-gülsə də.
Torpaq müqəddəsdi, ocaq müqəddəs,
Xeyri yox mələklər qonaq gəlsə d.

Günlər vərəqlənib aya çevrildi,
Nəhayət yetişdi gözlədiyim an.
Həsrətim çağlayan çaya çevrildi,
Təyyarə Vətənə yön alan zaman.

Üzür göy səmada hava gəmimiz,
Aşağı baxıram buludlar ötür.
Göyün hansı qatındayıq indi biz,
Burdan yerə qədər on bir min metr.

Bizdən yuxarıda anamız Günəş,
Bir də Qadir Allah, Ulu Tanrımız.
Əbədi həyatdı ondakı atəş,
Unutmaz mənimtək qulu Tanrımız.

Yerə boylanıram buludlar lay-lay,
Pambıq təpələri, pambıq dağları.
Günəş şölə saçır, görünməyir Ay,
Bakıya tezliklə enəydik barı.

Uçur xəyalım da, təyyarəmiz də,
Pəncərə önündə öz yerim mənim.
Görsəndi dağlar da, dərə də, düz də,
Göylərdə yarandı bu şeirim mənim.

Xəyaldan o qədər çələng hördüm ki,
Gördüm düşüncələr ocağındayam.
Bir də gözlərimi açıb gördüm ki,
Doğma Bakımızın qucağındayam.

26 avqust 2002
TU-154 təyyarəsi.