Canım, ciyərimsən, Azərbaycanım,
Bir nəğmə borcluyam axı mən sənə.
Şöhrətim, vüqarım, dinim, imanım,
Kim nəğmə qoşmayıb gözəl hüsnünə?
Adına nə yazım layiqin olsun?
Şairlər söz qoşub, «anamsan» deyib.
Nə deyim yadında əbədi qalsın,
Hər oğlun yüz dəfə sənə «can» deyib.
Mən sənə bir nəğmə borcluyam axı,
Övladlıq borcu da çiyində yükdür.
Arxada qalıbdır ömrümün çoxu,
Anamsan, xidmətin, qayğın böyükdür.
Bəlkə vəsf eləyim dağlarını mən?
Mənsiz də düşüblər onlar nəğməyə.
Dolaşım doyunca bağlarını mən,
Güllərin ətrindən məsi olum deyə.
Dağlar gözəlindən, Göy göldən yazım?
Gördüm ki, olubdur dillər əzbəri.
Muğandan söz salım, ya Mildən yazım?
Sən demə nəğməyə dönüb hər biri.
Qoy düşsün şeirimə coşğun Arazın,
Ürəkdən söz qoşum dəli Kürə də.
Gör necə gözəldir payızın, yazın,
Heyranam yaranan nəğmələrə də.
Söz salım layiqli övladlarından,
Gördüm hər birinin öz nəğməsi var.
Bakıdan, Təbrizdən danışım bir an,
Qəlbimi kövrəltdi həsrət, intizar.
Xəzəri seyr etdim Qız qalasından,
Misralar səsləndi qulaqlarımda.
Səni düşünürəm, səni hər zaman,
Adın hey gül açır dodaqlarımda.
Söz tapa bilmirəm mən sənə layiq,
Dünyanı dolaşır müqəddəs adın.
Nə yazım bu elə, Vətənə layiq,
Çoxdur nəğməkarın, şair övladın!
Canım, ciyrəimsən, Azərbaycanım!
Bir nəğmə borcluyam axı mən sənə.
Şöhrətim, vüqarım, dinim, imanım,
Min nəğmə yazılıb gözəl hüsnünə!
24 aprel 1989