Vətəndə

Azərbaycandan xaricə səfər edərkən

Sərhəddəyəm, qəlbim dolur, boşalır,
Xəyallarım yenə yaman baş alır,
Nə həsrətdir ürəyimə od salır,
Mən gedirəm, gözüm qalır Vətəndə.

Göy Xəzəri seyr eləyib gəlmişəm,
Doğma yurda anam deyib gəlmişəm,
Çörəyini bu gen yeyib gəlmişəm,
Bal dadıyan sözüm qalır Vətəndə.

Aldanmaram qürbət elin yazına,
Gözəllərin işvəsinə, nazına,
Əl vurmayın siz könlümün sazına,
Qaralmayan közüm qalır Vətəndə.

Yaylağını hər yaylağa vermərəm,
Bağlarını min bir bağa vermərəm,
Bir təpəni uca dağa vermərəm,
Ətir saçan izim qalır Vətəndə.

Əli Vəkil, niyə belə kövrəldin?
Baxdın çaya, baxdın gölə kövrəldin,
Vurğun qəlbin gəldi dilə, kövrəldin,
Ayrılığa dözüm qalır Vətəndə.

Avqust 1979