«Vağzalı» çalınanda

Hasil olar diləklər,
Dilə gələr ürəklər,
Salamlayar mələklər
«Vağzalı» çalınanda.

Maşınların karvanı,
Bəyi, gəlini tanı,
Coşur insanın qanı
«Vağzalı» çalınanda.

Xonçalar gətirirlər,
Xeyir-dua verirlər,
Güldən çələng hörürlər
«Vağzalı» çalınanda.

Toy qədrini bilərlər,
Şadlanarlar, gülərlər,
Yeddi oğul dilərlər
«Vağzalı» çalınanda.

Quştək qanad açar qız,
Ağ libasda uçar qız,
Bir ana qalar yalqız
«Vağzalı» çalınanda.

Ürək gülər, üz gülər,
Təzə bəylə qız gülər,
Mahnılarda söz gülər
«Vağzalı» çalınanda.

Gün batar, düşər axşam,
Xonçalarda yanar şam,
İstərəm nəğmə qoşam
«Vağzalı» çalınanda.